Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Uzbekistan Airways" AZAL təyyarəsinin qəzasından sonra Avropaya Azərbaycan üzərindən uçur?
"Uzbekistan Airways" təhlükəsizlik məqsədilə Avropaya bütün uçuşları Rusiya və Belarus üzərindən deyil, cənub istiqamətində - Azərbaycan və Türkiyə üzərindən həyata keçirməyə başlayıb.
Oxu.Az-ın Repost.uz-a istinadən verdiyi məlumata görə, bu barədə aviaşirkətin 33 illiyinə həsr olunmuş mətbuat konfransında xəbər verilib.
Bildirilir ki, milli aviaşirkətin uçuş marşrutu yanvarın 20-dən dəyişdirilib.
Bu qərarın "Azerbaijan Airlines" təyyarəsinin Rusiya HHM-in fəaliyyəti nəticəsində qəzaya uğraması ehtimalı ilə əlaqəli olub-olmadığı sualına isə şirkətdən belə cavab verilib:
"Xeyr, bu, sadəcə, ehtiyat tədbirləri və müəyyən mənada marşrutların optimallaşdırılmasıdır".
Həmçinin mətbuat konfransında cari ilin yazında beş yeni təyyarənin tədarük ediləcəyi və dörd yeni reysin açıldığı (Daşkənd - Madrid, Daşkənd - Şenjen, Fərqanə - Urumçi, Fərqanə - Dehli) vurğulanıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Rəylər