Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sumqayıtda reabilitasiya mərkəzində yanğın: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Sumqayıt Reabilitasiya Mərkəzində baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan şəxsin vəziyyəti stabildir.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanğınla bağlı çağırış bu gün saat 12:00-da daxil olub.
Çağırış ünvanına cəlb olunan təcili tibbi yardım briqadası 1998-ci il təvəllüdlü şəxsi sağ əlin dörd və beşinci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya edib.
Hazırda pasiyentin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova
Sumqayıt Reabilitasiya Mərkəzində baş verən yanğın tam söndürülüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 540 kv.m olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m sahədə yanıb.
Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.


Əzizə İsmayılova
Sumqayıtda yanan tikilinin narkomanlar üçün reabilitasiya mərkəzi olduğu məlum olub.
"Report"un Sumqayıt bürosu xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tədbirlər həyata keçirir.
Sumqayıtda tikilidə yanğın başlayıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yaxınlığında tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən "Report"a fakt təsdiqlənib. Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
