Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xronika: "Vardanyanın müraciətində səsləndirdiyi fikirlər İrəvanı qarışdırdı"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Arutyunyanın etirafları Paşinyanı çıxılmaz vəziyyətə saldı" adlı süjetdə hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan Ruben Vardanyanın ailəsinə ünvanladığı videomüraciətdən sonra Ermənistan ictimaiyyətində qızğın müzakirələrin aparılmasından bəhs olunub.
Bildirilib ki, R.Vardanyanın ailəsinə videomüraciəti onların hüquqlarının necə qorunduğunun real nümunəsidir: "Onun müraciətində səsləndirdiyi fikirlər də ittiham olunan ermənilərin ifadə azadlığına müdaxilə edilmədiyini göstərir. Təbii ki, İrəvanda revanşistlərin və erməni diasporunun məhkəmə qarşısına çıxarılan ermənilərlə bağlı irəli sürdükləri uydurmalar o qədər də təəccüblü deyil. Çünki bu qüvvələr məhkəmə prosesindən həm hakimiyyətə qarşı istifadə edir, həm də maraqlarına uyğun olan "erməni birliyini" qorumağa çalışırlar".
Qeyd olunub ki, adıçəkilən şəxslərin Ermənistana qayıtması müxalifətin güclənməsi və hakimiyyətə qarşı mübarizənin kəskinləşməsinə zəmin yarada bilər: "Nikol Paşinyan əvəllər iddia edirdi ki, məhkəmə qarşısına çıxarılan şəxslərə psixoaktiv maddələrin verildiyinə dair İrəvanda kəşfiyyat məlumatları var. Paşinyanın bu iddiası həmin şəxslərin Bakıda məhkəmə qarşısında dilə gətirəcəkləri etiraflardan qaynaqlanır".
Diqqətə çatdırılıb ki, Azərbaycan torpaqlarının işğalı və Qarabağda hərbi cinayətləri birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyi törədib: "Lakin rəsmi İrəvan onilliklər boyunca bu həqiqəti gizlətməyə və "Qarabağ müstəqildir" iddiası ilə məsuliyyətdən qaçmağa çalışıb. Bakıda keçirilən məhkəmə prosesinin gedişatında digər həqiqətlər də ortaya çıxa bilər. Bütün bunlar Azərbaycana imkan verir ki, rəsmi Bakı danışıqlar masasında İrəvan qarşısında Zəngəzur dəhlizinin açılması, eləcə də Qərbi Azərbaycana qayıdış tələblərini sərtləşdirsin".
Sonda vurğulanıb ki, Ermənistan hakimiyyətinin məhkəmə prosesinə müdaxilə etmək və uydurma iddialarla prosesə kölgə salmaq cəhdləri də bundan qaynaqlanır: "Lakin nəticə dəyişməyəcək. Bakıda sirlər açılır və Ermənistan ətrafında çəmbər daralmaqdadır. Ermənistanın hərbi-siyasi rəhbərliyi hər şeyə görə cavab verməli olacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:

"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Xronika: "Atam deyirdi ki, 1915-ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar"
- Xronika: Ərməniyyə, Armeniya, Ermənistan ifadələri sonradan qədim xəritələrə əlavə edilib
- Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi
- Xronika: "Məmmədsadıq Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir"
- Qərbi Azərbaycan Xronikası: Anadoluda yaşamış kotan tayfasının məskunlaşdığı məkan