Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində fəaliyyət göstərən 114A nömrəli marşrut xəttində 8 avtobus 12-14 dəqiqə, 114B nömrəli marşrut xəttində isə 6 avtobus 14-16 dəqiqə intervalla hərəkət edir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
Qurumdan qeyd edilib ki, günün pik saatlarında marşrut üzrə yaranan nəqliyyat sıxlığı səbəbi ilə müəyyən hallarda intervalın artması müşahidə oluna bilər:
"AYNA tərəfindən daşıyıcıya marşrut xətlərinin nizamlı fəaliyyətinin təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması və avtobus sayının sərnişin tələbatına uyğun tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib".
Eyni zamanda, daşıyıcıya avtobusların texniki cəhətdən saz vəziyyətdə saxlanılması və avtobus parkının yenilənməsi ilə bağlı xəbərdarlıq edildiyi diqqətə çatdırılıb.
Qurumdan o da vurğulanıb ki, daşıyıcı tərəfindən qeyd olunan tələblərə əməl olunmayacağı təqdirdə, marşrut xətləri müsabiqəyə çıxarıla bilər.
Bakıda 114A və 114B marşrut xətləri üzrə hərəkət edən avtobuslarla bağlı şikayət var.
Oxu.Az-a daxil olan müraciətlərdə qeyd olunur ki, bu xətlər üzrə istismara buraxılan nəqliyyat vasitələrinin həm texniki vəziyyəti, həm də xidmət keyfiyyəti ciddi problemlərlə müşayiət olunur.
Sərnişinlərin təqdim etdiyi foto və videogörüntülər avtobusların daxili vəziyyətinin qənaətbəxş olmadığını açıq şəkildə göstərir. Belə ki, salonun tavan hissəsində örtüklər qopub, bəzi yerlərdə metal səth üzə çıxıb və paslanma izləri müşahidə olunur. Xüsusilə lük ətrafında olan deformasiyalar və qopmalar avtobusun istismarının təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır.
Şikayətçilərin sözlərinə görə, avtobuslar tez-tez nasaz vəziyyətdə xəttə buraxılır və bu səbəbdən yolda qalma halları baş verir, bu isə sərnişinlərin vaxt itkisinə səbəb olur.
Eyni zamanda marşrut üzrə intervalın uzun olması ciddi narazılıq doğurur. Bildirilir ki, sərnişin sıxlığına uyğun olaraq reysə buraxılan avtobusların sayı kifayət etmir.
Bundan əlavə, bəzi avtobuslarda oturacaqların qırıq və istifadəyə yararsız vəziyyətdə olduğu qeyd olunur. Mövsümi problemlər də sərnişinlərin gündəlik narahatlığına çevrilib. Belə ki, qışda istilik sistemi zəif işlədiyindən salon lazımi səviyyədə isinmir, yayda isə soyutma sistemi ümumiyyətlə olmadığından sərnişinlər istidən əziyyət çəkirlər.
Digər mühüm narazılıq isə marşrutların iş rejimi ilə bağlıdır. Sərnişinlər iddia edirlər ki, avtobuslar rəsmi olaraq gecə saat 00:00-a qədər fəaliyyət göstərməli olduğu halda, əksər hallarda saat 23:00-dan tez xətdən çıxırlar.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətlərə baxılmır və mövcud problemlər aradan qaldırılmır.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.