"Otuzillik həsrətdən sonra doğma torpağa qayıdırıq. Bu günü gözləyirdik".
Oxu.Az-ın məlumatına görə, bunu Ağdam rayonuna köç edən keçmiş məcburi köçkün Elgiz Aslanov deyib.
O bildirib ki, təxminən 75 yaşında doğma torpaqlarına qayıdır. Aslanov ailəsi, oğlu və onun ailəsi, eləcə də həyat yoldaşı ilə birlikdə Ağdama köçür.
Keçmiş məcburi köçkün bildirib ki, köçkünlər üçün yaradılan şəraitin əvəzi yoxdur.
"Çox sevinirik. Bu şəraiti bizim üçün yaradıblar, bunun əvəzi yoxdur. Heç bir ölkədə, bəlkə də, qaçqın və məcburi köçkünlər üçün belə şərait yaradılmayıb. Azərbaycanda insanlara bu cür qayğı göstərilir. Maşın verilir, ev verilir. Razılığımız o qədər böyükdür ki, insan nə deyəcəyini bilmir", - deyə o vurğulayıb.
Elgiz Aslanov övladlarının da müharibədə iştirak etdiyini söyləyib: "Özüm də Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Prezidentə minnətdarlığımı bildirirəm. Heç bir ölkədə məcburi köçkünlərə bu cür şərait yaradılmayıb".