Valideynlər 98 saylı körpələr evi-uşaq bağçasından şikayətçidirlər.
Bu barədə Oxu.Az-a müraciət edən valideynlər iddia ediblər ki, bağçada uşaqlar üçün ayrılan qida onlara verilmir.
Onlar bildiriblər ki, bağçada gün ərzində uşaqlar ya ac qalır, ya da çox az miqdarda yeməklə təmin olunurlar.
Həmçinin o da qeyd olunub ki, uşaqların yemək siyahısında ətli xörəklər yer almır, onlar üçün nəzərdə tutulan ət rəhbərlik tərəfindən mənimsənilir.
Valideynlər iddia ediblər ki, ad günü olan uşaqların gətirdiyi tort da onlara verilmir, onu da müəllimlər götürürlər.
Sözügedən iddialar barədə Bakı Şəhər üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, 98 nömrəli körpələr-evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.
"Məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır. Təhsil müəssisələrində hər hansı neqativ halın baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir".
Aygün Mirakif