Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yas çadırı qurub geri qayıdırlarmış - 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI
Dünən axşam saatlarında Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş.
Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə - yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər.
Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan VAZ markalı avtomobilə çırpılıb. Nəticədə, idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istiqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə, VAZ-da olan Vüsal Məmməd oğlu Hüsiyev (1990), Sənan Aqil oğlu Əmrahov (1991), Azər Fəyyaz oğlu Aslanov (1992), Asiman Yaşar oğlu Ələsgərov (2007) və Elbəy Mövsüm oğlu Aslanov həlak olublar.
Həmin şəxslərdən Sənan Əmrahov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib.
Qeyd edək ki, qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlardan 4-ü artıq evə buraxılıb.
Dünən axşam saatlarında Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, VAZ, "Hyundai" və "Mercedes" markalı avtomobillərin iştirakı ilə baş vermiş qəzada altı nəfər - 1990-cı il təvəllüdlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 1992-ci il təvəllüdlü Fəxri Rzayev, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanov - həyatını itirib.
Qəza zamanı həlak olanlardan dördünün fotolarını təqdim edirik.
Fotoda: Sənan Əmrahov, Azər Aslanov, Asiman Ələsgərov, Elbəy Aslanov.