ABŞ “Azərbaycan Dəmir Yolları” QSC və tikilən Bakı-Tbilisi-Qars dəmir yolunu hərbi çatdırmalarla yükləyəcək, “Qruziya-onlayn” xəbər verir.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Rusiya mənbələrinin məlumatına görə, buna “Qafqaz dəhlizi” vasitəçi olacaq, Amerika hərbçiləri bunu Əfqanıstandan öz mülkiyyətini (hərbi texnika, silah-sursat və təchizat avadanlığını) çıxarmaq üçün istifadə edəcək.
“Qafqaz dəhlizi Kuqudan keçərək əfqan Heratından Maraya (Türkmənistan), sonra isə dəmir yolu ilə Türkmənbaşı limanına, Xəzərdə bərə ilə Bakıya, sonra isə dəmir yolu ilə Batumi (Gürcüstan) və ya Türkiyəyə gedir”, - rus mənbələri göstərir.
Onların məlumatına görə, marşrut boyu yüklənmə yerlərində saxlanma məntəqələri yaradılacaq.
“2014-cü ilin payızından 2016-cı ilin sonuna qədər hər ay “Qafqaz dəhlizi” ilə 2200 ədəd konteyner və texnika daşınacaq”, - Rusiya mütəxəssisləri hesab edir.
2014-cü ilin payızına Bakıdan 65 km cənuba doğru Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Limanı işə düşəcək. Bakı-Tbilisi-Qars xətti 2015-ci ildə istismara veriləcək, bu yaxınlarda isə “Azərbaycan Dəmir Yolları” QSC gürcü kolleqaları ilə Bakı-Poti-Bakı konteyner qatarını bərpa ediblər.