Azərbaycanın Kürdəmir rayon sakini Aygül İsmayılova növbəti dəfə Media.Az-ın redaksiyasına yardım çağırışı ilə müraciət edib. Onun oğlu talassemiya xəstəliyindən əziyyət çəkir, sümük iliyi transplantasiyası üçün isə onlara külli miqdarda pul lazımdır.
Ananın sözlərinə görə, bu xəstəliyin yeganə müalicəsi əməliyyatdır. Ailə artıq sosial şəbəkələr və media vasitəsilə 40 min manat toplaya bilib, lakin bu, hələ ki, kifayət etmir. Türkiyədə həyata keçiriləcək sümük iliyi transplantasiyasının ümumi dəyəri 120 min manatdır.
Beləliklə, tələb olunan məbləğin yalnız 1/3-i toplanıb. Bununla belə, ailə balaca Aliimranın xilasına ümidini itirmir və dəstək üçün xalqa müraciət edir.
10 yaşlı Aliimran İsmayılzadə genetik qan xəstəliyinin ağır formasından - beta-talassemiyadan əziyyət çəkir (hemoglobin kifayət qədər formalaşmadığından ağır anemiya müşahidə olunur). Bu anemiyanın özəlliyi ondan ibarətdir ki, xəstə artıq dəmir qəbulu ilə də mübarizə aparmalı olur.
Beta-talassemiyası olan insanlar daha tez-tez qanköçürməyə ehtiyac duyurlar. Artıq dəmir səviyyəsini normallaşdırmaq üçün isə onlara dəmiri çıxaran xüsusi dərmanlar təyin edilir.
Aliimrana ayda üç dəfə qan köçürülür. Bu, onun ömrünü uzatmağa yönəlmiş zəruri tədbirdir. Xroniki dəmir yüklənməsinin qarşısını almaq üçün ona hər gün səkkiz saat ərzində müvafiq dərmanla sistem verilir (yavaş infuziya) və bu venadaxili deyil, transabdominal, yəni qarın vasitəsilə həyata keçirilir. Adətən bu cür müalicə yalnız xəstənin ciddi vəziyyəti halında istifadə olunur. Bütün bunlara baxmayaraq, oğlanın vəziyyəti hər gün pisləşir. Həkimlər qaraciyər və dalaqda kritik böyümə qeydə alıblar.
“Uşağım ömrünün 34-cü günündən dərmanla dolanır. Nə yaxşı ki, müalicə və dərman təminatı dövlət tərəfindən pulsuzdur. Amma Aliimranın diaqnozu ilə bağlı həkimlər tezliklə sümük iliyi transplantasiyası əməliyyatına təkid edirlər. Onların fikrincə, bizim vəziyyətimizdə yeganə çıxış yolu budur. Azərbaycanda donor olmadığı üçün əməliyyat Türkiyədə aparılmalı olacaq. Əməliyyatın dəyəri ailəmiz üçün ağır məbləğdir - 120 min manat. Biz sadə ailəyik, çox qazanmırıq. Özüm bağçada 180 manat maaşa tərbiyəçi işləyirəm, yoldaşım isə satıcıdır.
Aliimrandan başqa doqquz və yeddi yaşında daha iki oğlumuz var. Allaha şükür ki, hər ikisi sağlam doğulublar. Təəssüf ki, onların heç biri mən və yoldaşım kimi Aliimrana donor kimi uyğun gəlmir. Hazırda Türkiyədə onun üçün aktiv olaraq donor axtarılır. Amma qorxuram ki, nəhayət, tapılıb deyə bizi sevindirəndə transplantasiya üçün lazım olan məbləğimiz olmayacaq və onu itirəcəyik. Donor axtarışı bir neçə aydan bir neçə ilə qədər çəkə bilər, ona görə də biz bu cür risklərə gedə bilmərik. Bu məbləği artırmaq üçün hər şeyə qənaət edirik. Ancaq sizin köməyiniz olmadan bunu heç vaxt bacarmarıq.
Sizdən xahiş edirəm, oğluma kömək edin, dəhşətli xəstəliyə qarşı bu çətin mübarizədə bizə dəstək olun. Onsuz da çox vaxt itirmişik... Övladımın 22 yaşında talassemiyadan dünyasını dəyişən əmisinin taleyini təkrarlamasını istəmirəm...”, - deyə Aygül İsmayılova bildirib.
Biganə olmayan hər kəsi İsmayılovlar ailəsi ilə həmdərd olmağa və Aliimrana əllərindən gələn köməkliyi etməyə çağırırıq.
Aygül xanımla +994 55 297 03 96 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.
Посмотреть эту публикацию в Instagram"Kürdəmir" teqi üzrə xəbərlər
- Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO
- Sərxoş kişi kimyəvi məhlul içdi, təcili Bakıya gətirildi
- Bakı-Qəbələ-Bakı qatarları ilə Kürdəmirə getmək mümkün olacaq
- Kür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi - VİDEO
- Kürdəmirdə magistral su boru kəməri partlayıb, səkkiz mindən çox abonent susuz qalıb - VİDEO
Digər xəbərlər