Sözün düzü mən belə reaksiya gözləmirdim. Əslində güman edirdim ki, adi mövzulardan birinə toxunmuşam.
Amma zənnim məni aldadıbmış. Görünür, adi deyilmiş, düzdü, hamı bu mövzuda danışmırmış, amma hamı bu mövzuda susurmuş. Məhz Hesabat-dan sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin sədrliyi ilə böyük bir toplantı keçirildi, fətva verildi, Azərbaycanın aldadılmış kəvakiblərinin uzaq ayparaların yanında bərq vurmasına sərt münasibət bildirildi. Bəzi məscidlərin öz minarələrini başqalarının işinə soxması barədə faktlar səsləndi. O da məlum oldu ki, bəzi məscidlər əvvəlcə Allah evi adı ilə yaranır, amma… sonra… lənət Şeytana!
Ardınca - dediklərimizi özlərinə götürən, din qabığına girmiş bir neçə təşkilatdan “Meşə Qardaşları” və dövlətin ünvanına terror təhdidi gəldi. Deməli, həyəcanımıza səbəb varmış. Deməli bir əlini niyyət duası ilə qulağının dibinə aparan bəzi qardaşların o biri əli altdan altdan bükülübmüş və bu bükülmüş ovucda Allah, bəlkə də Şeytan bilir nələrsə saxlanır.
Deməli dövlətimizin düşmənləri varmış.
Amma Azərbaycanın Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin sərt bəyanatları bir daha göstərdi ki, öz gücünə inanan dövlətimiz var. Bir sözlə bizi, ANS-i, dövləti və Şeyxi öyən də oldu, söyən də.
Bəzi internet uşaqları nələrsə yazdılar, öz aləmlərində guya hədə qorxu gəldilər, xəbərdarlıq etdilər ki, bizi cənnətlərinə buraxmayacaqlar, buyursunlar, mən onsuz da onların cənnətinə istəmirəm.
Bəzi məscidlərin gümbəzlərinə, minarələrinə qonaraq əbalarını qanad kimi yelləyən molla göyərçinlərimizin qəflətən dinc və sülhpərvər varlıqlara çevrilmələrinə, qan tökülməsin deyə guya hətta sünnəti belə lazerlə etməyə tərəfdar olmalarına təbii ki, mən inanmıram. Onlar şübhəsiz ki, uşaq-muşaq başı piyləyə, behiştin açarlarını çoxaldaraq sadəlöv cocuqlara təklif edə bilərlər. Amma daha mənə yox. Elə buradaca vətəndaşlarımızın beynindəki coğrafi ərazini mücərrəd əqidə ərazisinin xeyrinə dəyişmək, bu ərazinin sərhədlərini uzaq Suriyaya qədər genişləndirmək istəyən qüvvələrin təsnifatını aparaq. Azad, sakit, üzü inkişafa və qibləyə bir ömür yaşayan Azərbaycanda dini təfriqəçillyi kim salmaq istəyir və niyə ay həccə gedən hacıların hacısı, yaman olur şirin dilin acısı? Niyə Azərbaycanda dini zəmində münaqişə, müharibə yaratmaq istəyirsiniz? Bu kimə lazımdı? Bu kimə lazım ola bilər? Səbəbi əslində hamı bilir. Səbəb Azərbaycanın müstəqilliyidir və bu müstəqillik artıq bir sıra dövlətlərə ciddi şəkildə mane olur. Bir neçə gün əvvəl prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupundan “İlin adamı“mükafatını qəbul edərkən demişdi:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Son həftəyə qədər “Şahdəniz-2” layihəsinin imzalanması hələ də sual altında idi. Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi də müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər də hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq bəlli deyildi.”.
Söhbət 21-ci Əsrin müqaviləsinin imzalanması ərəfəsində Azərbaycanın məruz qaldığı təzyiqdən gedirdi. Sonra biz bu təzyiq porşenlərini axtarmağa başladıq və təxminən tapdıq da.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev: “Müdaxilə edənlər, qazı çox olan ölkələr idi”.
Deməli, fəlsəfə açmağa ehtiyac yoxdur. Məsələn, götürək şimal qonşumuzu. Azərbaycan onun bazarına girib. Neft-qaz bazarına. Burada söhbət konkret puldan, Rusiyanın itirdiyi real sərvətdən və tərəfdaşdardan gedir. O bu itkiilərlə asanlıqla barışmayacaq. Və barışmır!
Və ya cənub qonşumuz. Başqa bir neft-qaz ölkəsi İran İslam Respublikasında 25-30 milyondan artıq, dinbir-dilbir qardaş-bacımız yaşayır və güclənmiş Azərbaycanı bu insanlar öz gələcəyi üçün bir mayak kimi görürlər. Bəs bu mayakın işığı İranda heç kimin gözün qamaşdırmır? Qamaşdırır!
Bəs Səudiyyə Ərəbistanı? Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qarabağ məsələsində yanımızdadır. Bütün bunlar var, amma söz şəklində. Söz!!! Bəs reallıq nədir? Bilirik ki, bütün müsəlmanların qibləsi olan Kəbə bu ölkədədir. Bəs bütün dünyanın neftinin qibləsi- OPEK hardadır? O da Səudiyyə Ərəbistanında deyil? Neft və qaz şirlərinin səltənətində Azərbaycanın birdən birə kəklik kimi incə səslə qaqqıldaması ümumi tonu pozmur? Və əsas təriqəti vahabilik olan Səudiyyə Ərəbisitanı Azərbaycanda niyə öz əqidə dostlarını çoxaltmasın. Cənnətə gedənlər özünə yoldaşı Azərbaycanda niyə axtarmasın.
Bapbalaca bir ölkənin-Azərbaycanın birdən-birə nəhənglərlə kəllə-kəlləyə gəlməsini bu nəhənglər elə belə həzm edəcəklər? Əlbəttə yox. Bax elə buna görə də Azərbaycan hər addımda istiqlal imtahanına çəkilir. Müstəqillik təkcə vətəni yox, həm də vətəndaşı qorumaqdır. Bəs vətəndaş necə qorunur? Ötən həftə Azərbaycan uğrunda iki zabitimiz şəhid oldu. Amma Suriya uğrunda 3 vətəndaşımız öldü. 2-3 qürbətin xeyrinə
Suriyaya gələcək döyüşlər üçün məşqə, allah adına eşqə, yoxsa sadəcə pul qazanmaq naminə Dəməşqə gedirlər bəlli deyil, hər halda gedirlər və Azərbaycan Suriyada ölməyi seçənlərin qarşısını ala bilmir. Bu çətindir. Daxili İşlər Nazirliyi də etiraf edir ki, kimin yaşamağa, kimin ölməyə getdiyini ayırd etmək qeyri - mümkündür.
Suriyanın həmsərhəd olduğu ölkələrə baxaq. Şimalda Turkiyə, Şərqdə İraq, cənubda Fələstin və İordaniya, Qərbdə Livan. Azərbaycanlılar arzularının behiştinə, yəni Suriyaya əsasən Türkiyə - Suriya sərhədinin nəzarətsiz hissəsindən düşürlər. Onda belə çıxır ki, Türkiyəyə gediş-gəliş sərtləşdirilməlidir. Bəs bu necə edilməlidir? Onda bəs Türkiyə və Azərbaycanın bir milət iki dövlət fəlsəfsəfi necə olsun?
Bəlkə Azərbaycan və Türkiyə arasında hansısa sənəd imzalanmalıdır ki, bu sənəd iki ölkəyə Suriya ilə sərhəddə birgə nəzarət etməyə imkan versin. Hələlik isə ortada böyük bir boşluq var və bu boşluğa artıq 103 vətəndaşımız düşüb və düşməkdə davam edir! Sələfi, vahabi, həvaric, nurçu, təkfirçi fərqi yoxdur. Bu boşluğa yuvarlanan Azərbaycan vətəndaşıdır.
İndi isə mən istərdim ki, mövzunu Dini İşlər üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və ilahiyyatçı alim, Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov ilə davam etdirim.
Gündüz İsmayılov: “Bu günə qədər qeydiyyatdan keçmiş dini icmaların sayı 588-dir. Qeydiyyat prosesinə gəlincə isə bu dini etikada qanunla tənzimlənir və qanuna əsasən qeydiyyatdan keçmək üçün islam təmayullu dini icmalar mütləq məsciddə qeydiyyatdan keçirlər. Bunun üçün ən azından 50 nəfər bir araya gəlməlidir. Təsisçilərlə bağlı, o cümlədən Qafqaz Müsəlmanları idarəsinin təqdimatıda olmaq şərtilə sənədlərini dövlət komitəsinə təqdim etməlidirlər. Faktiki olaraq bu günə qədər qeydiyyatdan keçmiş dini icmaların fəaliyyəti, onların işlərinin qurulması təbii ki, bunlar təşkilatı məsələlərdə Qafqaz Müsəlmanları İdarəsinə tabe olmaq şərtilə bu qanun tələbidir. Digər məsələlərdə dövlət komitəsi bu dini qurumların fəailiyyətinə həm nəzarəti həyata keçirir, həm onlarla birgə iş aparır və fəailiyyət bu şəkildə tənzimlənir”.
Aqil Şirinov: “Dini səbəblərdən danışsaq, dini mətnlərdə bunların görüşlərinin zahiri olaraq, yəni görünüş etibarilə bunların görüşlərinin dəstəklədiyi mətnlərlə qarşılaşmaq mümkündür. Lakin belə düşünürəm ki, bunlar konteksdən çıxarılmadır. Məsələn “Qurani Kərim”in bir çox yerlərində, biz ilk dövrdə Həzrəti Peyğəmbərlə mübarizə aparan məkkəli butpərəstlərlə mübarizədən bəhs olunduğunu görürük. Bu mübarizədə möminlərə dəstək verilir. Bu dəstəyin nəticəsində onların cənnətə gedəcəyi bildirilir. Yəni konkret olaraq bu ayələrin səbəbi var. Yəni Peyğəmbərimiz dövründə müşriklərlə olan mübarizədir. Lakin biz bu konteksdən bunu qoparsaq və o dövrdə dini bu günə daşısaq yalnışlıq etmiş olarıq. Çünki hər ayənin özünün konteksti var”.