"Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində kiçik ərazilərdə qalmış yağış sularının daşınması işləri davam etdirilir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, hazırda yağışlar səngidiyi üçün əməkdaşlar sözügedən ünvan daxil olmaqla müxtəlif ərazilərin təmizlənməsinə ardıcıl şəkildə nail olmağa çalışırlar.
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin sakinləri mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbi ilə ciddi narahatlıq yaşayırlar.
Oxu.Az-a bununla bağlı şikayət ünvanlayan sakinlərin sözlərinə görə, hər dəfə yağışdan sonra fərdi yaşayış evlərinin böyük hissəsi su altında qalır.
Qəsəbə sakinləri bildirirlər ki, problem illərdir həll olunmur və bu, məişət şəraitinə, xüsusilə də uşaqlı ailələrin təhlükəsizliyinə ciddi təsir göstərir:
"Yağış yağan kimi bütün evlər su altında qalır. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün yağış suları axıdılmır və həyətlərə dolur. Sizdən artıq dərəcədə xahiş edirik, bu problemi işıqlandırasınız".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məhərrəm Əliyev