İtaliyanın nüfuzlu “Semestre Europeo” jurnalında Azərbaycanın enerji potensialından bəhs edən məqalə dərc olunub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, məqalədə qeyd olunub ki, əlverişli strateji mövqedə yerləşən Azərbaycan enerji ehtiyatlarına və iqtisadi inkişaf sürətinə görə bu gün beynəlxalq aləmdə həm geosiyasi, həm də geoiqtisadi baxımdan önəmli bir məkana çevrilib.
“Odlar yurdu” adlanan bu məmləkət zəngin neft və təbii qaz ehtiyatlarına malikdir.
Müəllif, Azərbaycanda neft sənayesinin inkişaf tarixindən, ölkəmizin müxtəlif dövrlərdə mühüm enerji təminatçısı olmasının əhəmiyyətindən söz açıb.
Vurğulanıb ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan tezliklə beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə nail olub.
Yazıda, həmçinin Trans-Adriatik (TAP) qaz kəməri layihəsi haqqında məlumat verilir. Diqqətə çatdırılır ki, bu layihə Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur.
Müəllif, Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun TAP ilə bağlı bu fikirlərini də qeyd edib: “Mən “Şahdəniz” Konsorsiumunun TAP layihəsini seçməsi ilə bağlı qərarını alqışlayıram. Bu, Avropa üçün mühüm uğurdur və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasının təməl daşıdır”.
Məqalədə, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun da fikirlərinə yer verilib. Səfirin sözlərinə görə, enerji əməkdaşlığı Azərbaycan ilə Avropa İttifaqı arasında daha yaxın siyasi əlaqələrin qurulmasına töhfə verəcək. Bu əlaqələr xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara da öz təsirini göstərəcək. Avropa İttifaqı enerji məsələləri ilə yanaşı, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına da fəal şəkildə töhfə verə bilər.
Müəllif, həmçinin İtaliya-Azərbaycan Ticarət İnstitutunun ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyəti haqqında məlumat verib.