"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayevlə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib. Sərnişin axınının artırılmasının və aviasiya sahəsində tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsinin ölkələr arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi bildirilib.
Bu kontekstdə qeyd olunub ki, ötən il Azərbaycana Səudiyyə Ərəbistanı Krallığından 94 300 turist səfər edib. Bu göstərici iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı marağın artdığını təsdiqləyir.
Qeyd edək ki, hazırda AZAL Bakı-Dammam-Bakı marşrutu üzrə həftədə 2 dəfə - bazar ertəsi və cümə günləri, Ər-Riyad istiqamətində isə həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər həyata keçirir.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı ilə olan hava əlaqələrinin möhkəmləndiyi və qarşılıqlı əməkdaşlığın genişləndiyi xüsusi olaraq vurğulanıb.