Bakı sakini Polad Həsənovun aldığı çörəyin içərisindən “skoç” çıxıb.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, çörəyin birbaşa keyfiyyətini yoxlamaqla məşğul olan Gigiyena və Epidemiologiya Mərkəzindən deyilib ki, çörək bişirilməmişdən əvvəl un ələnməlidir. Amma indiki zamanda demək olar ki, əksər çörək sexləri unu ələməmişdən xəmir yoğurmağa üstünlük verirlər ki, nəticə də göz qabağındadır. Hətta təcrübə göstərir ki, unu ələmədən birbaşa kisə ilə xəmir yoğuran maşına tökürlər.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirir ki, un ələmək üçün zavodlarda xüsusi iri ələklər var ki, bu ələklər daima işlək vəziyyətdə olmalıdır. Onun sözlərinə görə, belə ələklərdə un əvvəlcə ələnməlidir, daha sonra çörək bişməlidir.
Bu cür hallara yol verən müəssisələrə qarşı tədbirlər görülür. Amma baş verən hadisələr onu göstərir ki, görülən tədbirlərin heç bir xeyri yoxdur. Əgər olsaydı bu gün çörəyin içindən yapışqan, taxta və daha nələr çıxmazdı.
Şöbə müdirinin sözlərinə görə, belə bir şey olanda həmin müəssisələrdə araşdırmalar aparılır. Əgər hər hansı bir qanunsuzluq aşkar olunarsa o zaman həmin müəssisə bağlana bilər.
“Bu gündən başlayaraq “skoç” çıxan çörəyin bişirildiyi sexin axtarışlarına başlanılacaq. Əgər fakt öz təsdiqini taparsa müəssisə ən yaxşı halda cərimələnə bilər. Ən pis halda isə fəaliyyəti birdəfəlik dayandırıla bilər”- deyə İmran Abdullayev bildirdi.
Amma şikayətçi çörəyi hansı mağazadan aldığını bildirmədiyi üçün onun aldığı çörəkdən həqiqətən də yad cismin çıxdığı, yoxsa bu yapışqanı özünün çörəyə yerləşdirdiyi hələki dəqiq məlum deyil.