Azərbaycanın Astara şəhərindəki mərkəzi bazarda başlayan yanğın dörd saatlıq mübarizədən sonra söndürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkəran və Masallı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən əlavə olaraq daha iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların birgə səyləri ilə saat 19.00 radələrində yanğın lokallaşdırılıb.
Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 5000 kvadratmetr olan bazarın 1500 kvadratmetr ərazisi yanaraq sıradan çıxıb. Yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.
Faktla bağlı araşdırma aparılır.
16:48
Azərbaycanın Astara şəhərindəki mərkəzi bazarda başlayan yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 4 yanğınsöndürən maşın və canlı qüvvəsi gəlib.
Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkərandakı Yanğından Mühafizə Hissəsindən də daha bir yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
16:10
Astara rayonunun mərkəzi bazarı yanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə saat 15.00-da başlayıb.
Astara rayonunun mərkəzi bazarında baş verən yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürən cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.