Cəlilabad rayonu, Uzuntəpə kənd sakini 22 yaşlı Elçin Nuruyevin əkin sahəsində qeyri-adi təbiət hadisəsi baş verib. Öz torpaq sahəsində 3 ay öncə turp əkən kənd sakini bir neçə gün öncə məhsulu yığmağa başlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Elçin Nuruyev bildirib ki, yığım zamanı gördüklərinə inanmayıb.
“Beli vurdum çıxartmağa, amma əvvəlki turplar kimi çıxmadı. Bir xeyli çalışdım”, - deyə Elçin Nuruyev bildirib.
Elçin Nuruyev ilk öncə bunun turp olmasına inanmayıb. Nəhəng turp çıxarılan vaxt bir hissəsi yerdə qalıb. Qalan hissəsinin çəkisi isə 5 kq 200 qramdır. Əkinçi deyir ki, bu turp 75 adi turpun çəkisinə bərabərdir. Görünüş baxımından daha çox çuğundura bənzəyir.
Maraqlıdır ki, adi turplardan fərqli olaraq bu turpun üzərində bir yox üç zoğ birləşməsi var. Mütəxəssislər hesab edirlər ki, bitkilərdə təsadüfi hallarda rast gəlinən kökün şəklinin dəyişməsi bitki toxumunun düşdüyü münbit şəraitdən və genetik dəyişkənlikdən asılı ola bilər.