İkinci dünya müharibəsi zamanı, Stalinqrad azad edilən zaman 100 minə yaxın alman zabit və əsgəri əsir düşüb.
Oxu.Az xəbər verir ki, bu əsirlər Sovet İttifaqının müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanda – Salyan rayonunda hərbi əsir düşərgələrində yerləşdirilib.
1943-cü ilin yanvarın sonlarında Stalinqrad uğrunda gedən qanlı döyüşlərdə feldmarşal Fridrik Paulsun komandanlıq etdiyi 100 minə yaxın əsgər və zabit əsir düşüb.
Baku TV Salyanda yüzlərlə alman əsirinin saxlanıldığı yeri öyrənmək məqsədilə araşdırma edib. Məlum olub ki, əsirlərin qərargahı Salyan şəhəri Maksim Qorki, indiki Tale Davudzadə küçəsindəki məscidin yaxınlığında olub.
Alman əsirlərinin qərargahı burada olmasına baxmayaraq, kazarmaları indiki Elçin İmanov küçəsindəki camaşırxananın ərazisində yerləşib. Əsirlər həmin kazarmalarda yaşayıb. Hərbi düşərgədə saxlanılan əsirlərdən ölənlər də olub. Sağ qalanlar isə Stalinin ölümündən sonra öz ölkələrinə göndərilib. Lakin o zaman rayonda hərbi düşərgələrdə ölən alman əsirlərinin harada dəfn olunduğu barədə hələlik hər hansı bir məlumat yoxdur.