Azərbaycanda mayın 31-də qeyd olunan “Son zəng” günündə üç məzun həyatını itirib.
Milli.az-ın məlumatına görə, “Son zəng” günü Şəmkirdə məzun qız özünü öldürüb.
Dəhşətli hadisə bu gün səhər saatlarında Şəmkir rayonunun Çinarlı qəsəbəsində baş verib. Rayon Prokurorluğundan aldığımız məlumata görə, 16 yaşlı Aynur Bilmanlı həyatının ən yaddaqalan günündə həyatına qəsd edib.
Məktəb yoldaşlarının onu səbirsizliklə gözlədikləri vaxt onun meyitini yaşadığı evin həyətində asılmış vəziyyətdə valideyni tapıb.
Digər bir hadisə Tovuzda qeydə alınıb. Belə ki, Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Tovuz-Əlimərdanlı avtomobil yolunda baş verib.
“VAZ-2107” markalı avtomobilin aşması nəticəsində orta məktəbdə “Son zəng”i qeyd edən Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 17 yaşlı Eltun Mustafayev dünyasını dəyişib.
Şöbədən bildiriblər ki, maşında bir neçə nəfər məzun olub.
Üçüncü ölüm hadisəsi Sabirabadda baş verib. Həşimxanlı kənd orta məktəbində bu il məzun olan 1997-ci il təvəllüdlü Niyaməddin Məhəmməd oğlu Ələkbərov 85 BD 357 dövlət nömrə nişanlı avtomobildə yol qəzasına düşüb. Nəticədə N.Ələkbərov hadisə yerində ölüb (www.apa.az).
www.milli.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin