"Süni intellekt əsaslı analitik alətlər vasitəsilə çağırışların coğrafi paylanması, intensivliyi və əhalinin sıxlığı təhlil edilərək briqadaların optimal yerləşdirilməsi, resurslardan səmərəli istifadə və yeni təcili tibbi yardım briqada və məntəqələrinin yaradılmasına başlanılıb".
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin sürücüləri naviqasiya sistemli mobil cihazlarla təmin olunacaqlar:
"Çağırış ünvanları avtomatik olaraq naviqasiya sisteminə ötürüləcək və optimal hərəkət marşrutunun müəyyənləşdirilməsi mümkün olacaq. Bu yenilik briqadaların hadisə yerinə daha sürətli çatmasına şərait yaradacaq.
Sahə üzrə ən uğurlu xarici təcrübələrin öyrənilməsi və tətbiqi üçün beynəlxalq ekspertlərin cəlbi və əməkdaşlıq layihələrinin icrası da yaxın günlərdə nəzərdə tutulur".