Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA-nın məlumatında deyilir.
Müəyyən edilib ki, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib.
"Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək "Günəş" restoranının fəaliyyəti məhdudlaşdırılıb", - məlumatda bildirilib.
Kürdəmir rayonunda toy mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Şadlıq sarayının nəzarətçisi Elxan Əliyev bildirib ki, mərasimdə təqdim olunan yeməklərdən həm qonaqlar, həm də əməkdaşlar yeyib:
"Məhsulları toy sahibi özü gətirmişdi, biz də bişirib qonaqlara vermişik. Həmin yeməklərdən işçilər də yeyib. Bizdə heç bir problem olmayıb. Zəhərlənənlər deyir, su içib belə olmuşuq. Amma səbəbi dəqiq bilmirik".
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Zəhərlənmənin səbəbləri araşdırılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda yerləşən "Günəş" şadlıq sarayında keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır.
Bu barədə Oxu.Az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin məlumata əsasən, hadisənin baş verdiyi şadlıq sarayı icarəyə götürülüb və qida məhsulları toy sahibi tərəfindən hazırlanaraq istehlaka təqdim edilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik tərəfindən müvafiq tədbirlər görülür.
Agentliyin məlumatında ölkə ərazisində son zamanlar baş verən kütləvi zəhərlənmə hadisələri toy, nişan və digər kütləvi məclislər üçün ev şəraitində qida məhsullarının hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmamasının qida zəhərlənmələri riskini artırdığı diqqətə çatdırılıb.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumatın veriləcəyi bildirilib.
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, müraciət edənlərdən 23-ü uşaqdır.
Müraciət edənlərə ilkin tibbi yardım olunub, evə buraxılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
Samir Əli
Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.
Oxu.Az "Report"a istinadən bildirir ki, onlardan 7-si azyaşlıdır.
Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
Kürdəmirdə toy mərasimində kütləvi zəhərlənmə baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb.
Məlumata görə, toy mərasimində iştirak edən 13 nəfər qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.