Martın sonunda ABŞ-da Ağ Evdə keçirilən şagirdlərin II film festivalında iki azərbaycanlı məktəbli ABŞ prezidenti Barak Obamanın diqqətini çəkib.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, paytaxtdakı Avropa Azərbaycan məktəbinin 3-cü sinfində oxuyan Tural festivala göndərdiyi filmi 2-ci sinifdə təhsil alan bacısı Fidanla birlikdə hazırlayıb.
Amerika məktəblilərinin 2-ci film festivalı Ağ Evdə baş tutub və qaliblər şəxsən Birləşmiş Ştatlar prezidenti Barak Obama tərəfindən mükafatlandırılıb. Amerikanın müxtəlif ştatları ilə yanaşı dünyanın bir çox yerindəki məktəblilərin də qoşulduğu festivalda bacı-qardaş da kiçik filmlərilə iştirak ediblər.
“Bir müddət əvvəl Ağ Evdə keçirilməsi planlaşdırılan II film festivalında iştirak etmək məqsədilə ilk olaraq hər bir şagird bir mövzu seçdi. Mən isə mövzu seçərkən belə bir qərara gəldim ki, ABŞ prezidenti Barak Obamanın “Yes we can” – “Bəli, biz bacarırıq” çıxışını səhnələşdirim.
Qeyd edim ki, Barak Obama seçkilərdə qələbə qazandığı zaman kütlə qarşısına çıxaraq nitq söyləmişdi”, - deyə Tural Abdulla bildirdi.
“Mən bu səhnəcikdə “Firs Lady” - Amerikanın birinci ledisi rolunun oynamışam. Sözün düzü biz gözləmirdik ki, film ABŞ prezidenti Barak Obamanın xoşuna gələcək”, – deyə Fidan Abdulla bildirdi.
Azərbaycan məktəblilərinin bacarığından heyrətlənən Barak Obama onları xüsusi fərmanla təltif edərək, təşəkkür məktubu göndərib. Dərslərinə xüsusi diqqət edən məktəblilər səlist nitq qabilliyyətlərinə malikdirlər.
Onlardan gələcəkdə hansı peşəni seçmək arzusunda olduqlarını soruşdum. Fidan müəllim və həkim olmaq istədiyini dedi. Turalın cavabı isə daha maraqlı oldu.
“Öncə əsgər olacam ki, Azərbaycanın bütün tarixi torpaqlarını geri qaytaram. Bundan sonra ola bilsin ki, prezident oldum”, - deyə Tural Abdulla bildirdi.
İbtidai sinif şagirdləri olan bacı-qardaş növbəti festivallarda da iştirak etmək niyyətindədirlər.
E.Ə.
www.oxu.az