"Müasir dövrdə uşaqların inkişafı və təhlükəsizliyi məsələləri bütün dünyada dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".
Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurum tərəfindən hazırlanmış "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" adlı kitabın təqdimat mərasimində deyib.
O bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin həyatımızda geniş yer tutması uşaqlar üçün yeni imkanlar yaratmaqla yanaşı, onları yeni risklərlə də üz-üzə qoyur:
"Bu şəraitdə uşaqların yalnız hüquqlarını bilməsi deyil, eyni zamanda, hüquqi məsuliyyət hissinə malik olması, təhlükələri düzgün qiymətləndirə bilməsi və sağlam dəyərlər əsasında formalaşması xüsusi əhəmiyyət kəsb edir.
Son illərdə həm ölkəmizdə, həm də dünyada baş verən bəzi hadisələr göstərir ki, uşaqların təhlükəsizliyinin təmin olunması yalnız müdafiə və nəzarət mexanizmləri ilə məhdudlaşa bilməz. Bunun üçün hüquqi maarifləndirmə, hüquqi şüurun inkişafı və hüquq mədəniyyətinin gücləndirilməsi vacibdir.
Hüquqlarını bilən, başqalarının hüquqlarına hörmət edən, məsuliyyətli uşaqlar gələcəkdə daha təhlükəsiz, daha ədalətli və daha sağlam cəmiyyətin qurulmasına töhfə verirlər".