Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən Oxu.Az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Hazırda respublika ərazisinin bir sıra yollarında müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havada daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik".
Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti hökm sürür.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) görüntülər yayıb.


Həmçinin, Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda tablolarda "dumanlı yol" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
