Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda alıcı gözləyən bal yarmarkası: Vəziyyət necədir?
Bu ayın sonuna qədər ucuz və eyni zamanda keyfiyyətli, yəni təmiz bal almaq üçün Azərbaycanın regionlarına getmək lazım olmayacaq.
Çünki iki gündür ki, Bakıda - metronun "Gənclik" stansiyasının yaxınlığında arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir.
Sentyabrın 29-dək davam edəcək yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyi birgə təşkil edib. Ölkənin 39 rayonundan 275 arıçı yarmarkaya çıxardığı 120 tona yaxın məhsula alıcı gözləyir ki, bu da ötənilki yarmarkadan 20% çoxdur.
Təbii ki, alıcılara əsasən bal təklif olunur - 105 ton. Bununla yanaşı, arı südü, çiçək tozu, vərəmum, homogenat, ekstraktlar, mazlar və kremlər də yarmarkada satışdadır. Məhsullardan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arıçıların iştirakı ilə nümunələr götürərək laboratoriya şəraitində yoxlayıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayıb.
"Report"un müşahidələrinə görə, bu il balın hər kiloqramı azı 30 manata satılır ki, bu da ötən illə müqayisədə təxminən beş manat çoxdur.
Gəncə-Samux bölgəsindən olan fermer Leyli Abbasova alıcıların azlığından şikayət edir: "Dünəndən yarmarka açılıb, lakin məhsullarımızı sata bilmirik. Alıcı azdır. Ola bilər ki, çox adamın hələ xəbəri yoxdur. Ümid edirəm ki, ayın sonuna qədər vəziyyət dəyişəcək".
Aran, dağ, qaratikan və biyan balları satan sahibkar qiymət artımını müxtəlif səbəblərlə izah edir: "Bu il yazda yağıntıların miqdarı çox olub, bu da məhsuldarlığa təsir göstərib. Üstəlik, bu il arıçılıqda istifadə edilən ləvazimatlar bahalaşıb, eyni zamanda arı xəstəlikləri yayılıb. Bu, istehsala çəkilən xərci artırıb".
Hər il olduğu kimi, bu il də Kəlbəcər balı qiymətinə görə digər ballardan seçilir. Onun bir kiloqramını almaq üçün azı 40 manat ödəmək lazımdır.
Kəlbəcərdən olan arıçı Mehdi İsmayılzadə satışla bağlı vəziyyətdən narazı deyil: "Balla yanaşı çiçək tozu və vərəmum da satıram. Satışlar normaldır. Bu il arı ailələrini Kəlbəcərin yaylaqlarına köçürmüşük, bu da məhsuldarlığımızı artırıb. Ümumiyyətlə, bu bölgədə əldə edilən bal çox dadlı olur. Əslən Kəlbəcərdən olsa da, hazırda Şəmkirdə yaşayıram. Orada da balım yaxşı qiymətə satılır. Rayona gələnlər təbii bal almaq istəyirlər".
Kəlbəcəri təmsil edən digər fermer Ədalət Əliyev isə məhsullarına alıcı tapa bilmədiyini bildirir: "Hələ satış yoxdur. Lakin bol məhsul satacağıma ümid edirəm. Üç ildir ki, artıq yarmarkada iştirak edirəm. Ötən il alıcılıq qabiliyyəti yüksək idi. İnsanlar Kəlbəcər balı adı ilə yarmarkaya üz tuturdular. Ona görə də hesab edirəm ki, bu il də satış yaxşı olacaq. Balın kilosunu 40-80 manata təklif edirəm. Bütün növ bal məhsulları satıram. Bu il 1 tona yaxın istehsalım olub. 70 arı ailəm var və onların sayını artırmaq istəyirəm".
Daşkəsəndən olan arıçı Gülşən Hüseynova meşə, çiçək və may balı satır: "Növündən asılı olaraq balın qiyməti dəyişir. Qiymət 30 manatdan başlayır. 130 arı ailəm var. Hələ ki, satışım olmayıb. Hər il yarmarkaya gəlirəm. Ötənilki satışlar qaneedici idi".
Yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.
Yarmarkada iştirak üçün hər bir arıçıya iyulun 26-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.
Rəylər