Bakının Nərimanov rayonunda yerləşən yaşayış binasının sakinləri mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin (MMMC) fəaliyyəti ilə bağlı narazılıqlarını ifadə edirlər.
Bu barədə Oxu.Az-a bina sakinləri adından daxil olan müraciətdə bildirilib.
İddia olunur ki, 2025-ci ilin yanvar ayında yaradılmış "Nərimanov-44" MMMC-yə rəhbərlik edən şəxslər bina sakinlərinə fəaliyyətlə bağlı hesabat vermirlər.
Sakinlərin sözlərinə görə, cəmiyyətə sədr təyin olunan şəxs binada yaşamır və bu səbəbdən sakinlərlə birbaşa əlaqə saxlamır.

Müraciətdə həmçinin qeyd olunur ki, MMMC-nin fəaliyyəti ilə bağlı yığıncaqlar keçirilmir, maliyyə hesabatları təqdim edilmir və nəticədə sakinlər binada yaranan problemlərin həlli üçün öz aralarında vəsait toplamağa məcbur qalırlar.
Sakinlər daha bir iddia ilə çıxış edərək bildirirlər ki, MMMC ilə rəsmi əlaqəsi olmayan şəxslər tərəfindən də vəsait toplamaq cəhdləri müşahidə olunur.
Müraciətdə o da vurğulanır ki, məsələ ilə bağlı bina sakinləri və idarə heyətinin bəzi üzvləri tərəfindən rəsmi quruma müraciət ünvanlanıb.
Məlumat üçün bildirək ki, söhbət Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 28B və Bakıxanov 62 ünvanında yerləşən yaşayış binasından gedir.
Sözügedən binanın komendantı Elşən Babayev məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
O bildirib ki, imzalar toplandıqdan sonra sakinlərin təklifi ilə bina MTK-dan ayrılıb, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilib:
"Məlumat üçün qeyd edim ki, sədrimiz Qüdrət Nağıyevdir. Burada iki MTK var: "Şərur" və "Qız qalası". Ədliyyə Nazirliyindən bildirilib ki, iki MTK olduğuna görə, ayrı-ayrı olmalıdır, lakin biri fəaliyyət göstərə bilər. Sənədləşmə işlərindən sonra ikisi yarandı. Burada təxminən 280 mənzil mülkiyyətçisi var. Onların təklifi və razılığı ilə bir MMMC yarandı. 44 və 45 var idi. 44 bütün fəaliyyəti 45-ə verdi. Bu binaya heç yerdən dotasiya yoxdur. Hər şey mənzil sakinlərinin hesabına ödənilir. 5-6 nəfər narazı olan şəxslər var ki, onlar heç kommunal xərcləri də ödəmirlər. Digər sakinlərin hesabına həyəti saxlayırıq. Sakinlərə hesabat da verilir, fərdi şəkildə soruşanlar da olur. Burada pul nağdlaşmır, hamısı ortaq bank hesabına köçürülür. Həmin bank hesabından bütün kommunal xərclər ödənilir. Orada nə qədər vəsait yığıldığını hamı çox gözəl bilir. Sədr 20 ildir ki, burada yaşayır. Mənzil mülkiyyətçisidir, ev də onun adınadır. Uşaqlığı da burada keçib. Burada da, başqa yerdə də evi var, yaşayır. Əsas odur ki, mülkiyyətçidir. 260 nəfərdən 20-30 nəfər niyə narazılıq edir, bilmirik. Mən bu barədə digər sakinlərə də məlumat verəcəyəm. Lazım olsa, onların da imzasını alarıq, məsələni öz aralarında həll edərlər. Burada məsələlər öz aralarında həll olunmalıdır".