Ötən ilin dekabr ayında əkiz qız övladı dünyaya gətirən və komaya düşən ana bu gecə dünyasını dəyişib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə qızın atası Nadir Lalayev məlumat verib.
Onun verdiyi məlumata görə, qızı Günay Lalayeva xəstəxanada dünyasını dəyişib.
Günay Lalayevanı qeysəriyyə əməliyyatı edən 3 saylı klinik xəstəxanasının ginekoloqu Seymur Ələkbərov ananın ölümündə özünü günahkar hesab etmədiyini bildirib.
Onun sözlərinə görə, qadın ötən ilin dekabrın 18-də klinikaya qəbul olunarkən onun vəziyyəti ağır olub. Onu qeysəriyyə əməliyyatı ediblər və uşaqlar sağlam şəkildə dünyaya gəlib.
“Sonradan qadının halı pisləşib. Müəyyən etdik ki, ağciyərlərinə su yığılıb. Sonradan onu Mərkəzi Tibbi Xəstəxanaya göndərdik. Orada xəstəni əməliyyat etdilər. Həkimlər bildiriblər ki, onun uşaqlığında problem olub. Ona görə uşaqlığı çıxarılıb. Lakin qadının halı yaxşılaşmayıb. Ciyərlərinə və qarnına yenidən su yığılıb”, - deyə Seymur Ələkbərov bildirib.
Seymur Ələkbərovun sözlərinə görə, xəstənin yaxşılaşması üçün əlindən gələni edib. Lakin buna nail ola bilməyib. Qadın dekabrın 26-da onu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Orada əməliyyatla onun uşaqlığı çıxarılıb.
Bu əməliyyatdan sonra G.Lalayeva komaya düşüb. Vəziyyəti ağır olan gənc ana bundan sonra 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirovun verdiyi məlumata görə, Günay Lalayeva xəstəxanaya qəbul olunarkən ağır vəziyyətdə olub.
“Həkimlərimiz Günay Lalayevanın həyatını xilas etmək üçün əllərindən gələni ediblər. Çox təəssüf edirəm, bütün səylərimizə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmadı”.