Bakı şəhərinin Nizami rayonunda sahibsiz itlər sakinlərin narahatlığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Bildirilib ki, Kamil Balakışiyev küçəsi, 32 ünvanında yerləşən "Karayev City" yaşayış kompleksinin ərazisində sahibsiz itlər sürü ilə dolaşır.
Şikayətdə vurğulanıb ki, yaşayış kompleksinin ərazisində çox sayda sahibsiz itin insanlara qarşı aqressiv davranışları müşahidə olunur.
"Bir neçə sakin itlərin hücumuna məruz qalıb. Xüsusilə uşaqların və yaşlı insanların təhlükəsizliyindən narahatıq. Uşaqları hazırlıq kurslarına və digər məşğələlərə göndərərkən çox narahat oluruq. Axşam saatlarında isə ərazidə sərbəst hərəkət etmək, demək olar ki, böyük problemə çevrilib.
Məsələ ilə bağlı kollektiv müraciət imzalayıb dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Qayğı Mərkəzinə və Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsək də, səsimizə səs verən olmayıb", - deyə şikayətdə qeyd olunub.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.