Daxili İşlər Nazirliyi (DİN) Xətai rayonu, “Xəzər dairəsi” deyilən ərazidə uşaqlarını diləndirən qadın barədə açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları dəfələrlə qanunamüvafiq tədbirlər görüb:
“Paytaxtın Xətai rayonu ərazisində yerləşən müvafiq ünvanda azyaşlı övladları birgə məskunlaşmış 1987-ci il təvəllüdlü şəxslə dəfələrlə profilaktiki söhbətlərin aparılmasına, öz razılığı ilə övladlarının uşaq evlərinə yerləşdirilməsi barədə təkliflərin verilməsinə baxmayaraq o, bundan imtina edərək dilənçiliklə məşğul olmağa davam edib. Polis əməkdaşları tərəfindən şəxs barəsində müxtəlif vaxtlarda qanunamüvafiq tədbirlər görülüb”.

11:00
Xətai rayonunda qadın dilənmək üçün yeni metod seçib.
Oxu.Az-ın məlumatına görə, qadın hər gün günorta saatlarından sonra iki uşağı ilə birlikdə rayonun “Xəzər dairəsi” deyilən ərazisinə gəlir.
O, uşaqları ilə birlikdə uzun müddət məişət tullantılarının atıldığı yerdə oturur.

Hətta gecə saatlarında zibil qutularının ətrafında ocaq qalayır.
Sanki evsiz olduğu üçün burada qalır. Halbuki səhər saatlarında onları orada görmək mümkün olmur...
Ətrafdan keçən əksər şəxslər də onlara pul verirlər.
İlhamə Əbülfət