Bakıda Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb.
Gün.Az xəbər verir ki, Heydər Əliyev Fondunun layihəsi əsasında inşa olunacaq Memorial Kompleks Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və faciə barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
Layihə simvolik məna kəsb edən konsepsiya üzrə işlənilib. Konsepsiyaya əsasən, kompleksin həyətində fevral ayının sonlarında çiçək açan ağaclar əkiləcək.
Bu, 1992-ci ilin fevralında qətlə yetirilmiş günahsız insanların yarımçıq qalmış ömrünü simvolizə edir. Kompleksi dörd tərəfdən əhatə edən düzbucaqlı monolit isə Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında təsvir olunub.
Qeyd edək ki, Xocalı Soyqırımı Memorial Kompleksinin maketi hazırda Heydər Əliyev Mərkəzində təşkil olunan “Mini Azərbaycan” layihəsi çərçivəsində sərgilənir.
Xocalı Soyqırımı Memorial Kompleksinin maketi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib. Layihə ilə tanış olan Prezident İlham Əliyev kompleksin inşasının həyata keçirilməsi üzrə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Memorial Kompleksdə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən 613 nəfərin qətlə yetirilməsi, şəhərin tamamilə dağıdılması barədə faktlar təqdim olunacaq.
Kompleksin quruluşu, burada yaradılan ab-hava, təqdim edilən materiallar həmin günlər Xocalıdakı hadisələri bir daha görməyə, bu faciənin dəhşətini yaxından hiss etməyə imkan verəcək.
Xocalı Soyqırımı Memorial Kompleksi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinin yaxınlığında inşa olunacaq.
www.gun.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin