"Bakıxanov qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi "Hyundai" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində baş verib".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
O qeyd edib ki, hadisə oktyabrın 22-si, saat 21:50-də qeydə alınıb.
"Namiq İlqar oğlu Ömərovun idarə etdiyi "Hyundai" markalı 99-KU-354 dövlət nömrə nişanlı avtomobillə Fuad Fazilxan oğlu Yunisovun idarə etdiyi "Ford" markalı 99-DQ-719 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "Ford" markalı avtomobil yol kənarında duran 99-XG-995 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü xəsarət alıb, avtomobillərə ziyan dəyib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
Bakıxanov qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı tibbi xidmətə ehtiyac yaranmayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 22-də, saat 21:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Hadisə zamanı xəsarət alan bir nəfər tibbi xidmətdən imtina edib", - deyə məlumatda bildirilir.
Bu gecə Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər yayımlanıb.
Hadisə Bakıxanov qəsəbəsində, Nazim İsmayılov küçəsi ilə Şamil Kamilov küçəsinin kəsişməsində "Hyundai", BMW və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, qəzanın baş verməsinə səbəb ərazidə işıqforun olmamasıdır.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar.
Xəsarət alanlarların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Əzizə İsmayılova