Bu gecə Xətai rayonu, NZS qəsəbəsinin sakinləri səhəri diri gözlə açıblar.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, buna səbəb artıq neçə illərdir ki, istifadəsi qalan su borusundan suyun gələrək ərazini ağuşuna almasıdır. Artıq ərazidə təmir-bərpa işlərinə başlanılıb, amma hələ də suyun hardan gəldiyi məlum deyil.
Su həyat mənbəyidir, amma bu həyat mənbəyi saydığımız su Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi, 25 ünvanında yaşayanlara bəla gətirib.
Gecə saatlarında evləri su basmasından sakinlər gecəni rahat yata bilməyiblər. Daha dəqiq mənbəyi bəlli olmayan su sakinlərin min bir əzab-əziyyətlə ərsəyə gətirdikləri yolları və evlərini bərbad vəziyyətə salıb. Özü də, su adi su xəttindən yox, artıq 30 ildir ki, fəaliyyəti dayanan xətdən gəlib.
Sakin Ələsgər Aslanovun sözlərinə görə, evdə uşaq var, qoca var, sudan keçə bilmirlər. Burdan keçmək mümkün deyil, yol su içərisindədir.
Digər sakin Cəlal Əzizov isə deyir ki, su evlərin içərisinə dolur, bu birinci dəfə deyil. Bu hal artıq bir neçə gündür ki, davam edir.
Ərazidə “Azərsu” ASC-nin idarənin rəis müavini bildirdi ki, axan suyun hələ dəqiq tərkibi bəlli deyil. Hazırda iş gedir və ilkin ehtimala görə xətlərin istismar müddətinin keçməsini göstərirlər.
Xətai Sukanal sahəsinin rəis müavini Rəfael Şirinov qeyd etdi ki, buradakı evlərin çoxu su xətlərinin üzərində tikilib. Artıq ərazidə iş gedir, suyun tərkibini araşdıracayıq, hələlik heç nə bəlli deyil. Hazırda sözügedən ərazidə işlər davam etdirilir, suyun nə suyu olması isə aparılan araşdırmalardan sonra bəlli olacaq.
İşlərin bu gün axşam saatlarınadək yekunlaşacağı gözlənilir və aparılan araşdırmadan sonra məlum olacaq ki, ərazinin basan su hardan gəlib.