Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Baku Corner” 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi ilə əməkdaşlığa başlayıb.
Baku Corner-dən Oxu.Az-a bildiriblər ki, əməkdaşlıq çərçivəsində Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər tərəfindən hazırlanmış əl işləri platforma vasitəsilə geniş ictimaiyyətə təqdim edilərək satışa çıxarılıb. Əl işlərinin satışından əldə edilən vəsait gənclərin özlərinə təqdim edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi məhz belə gənclərin peşə reabilitasiyasının təmin olunması, onların əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə yaradılıb. “Baku Corner”in də əsas məqsədlərindən biri məhz uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların, aztəminatlı ailələrdən olan, həmçinin fiziki məhdudiyyətli gənclərin hazırladığı sənət əsərlərini geniş ictimaiyyətə nümayiş etməkdir. Bu da onların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rola malikdir.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə, xeyriyyə məqsədləri ilə fəaliyyət göstərən ədalətli ticarət konsepsiyası – “Baku Corner” 2015-ci il noyabrın 13-dən ictimaiyyətə təqdim edilib. “Baku Corner” yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı üçün əsas platforma rolunu oynayır.
“Baku Corner” hər kəsi sözügedən fiziki məhdudiyyətli gənclərin əl işlərini dəyərləndirməyə, onların əməyinə laqeyd qalmamağa və çəkdikləri zəhmət hesabına qazanc əldə etmələrinə dəstək olmağa çağırır.
“Baku Corner”in yüksək keyfiyyətə, təkrarolunmaz görünüşə malik olan və daim alıcıların zövqünü oxşayan məhsulları ilə onun Feysbuk, İnstaqram və rəsmi internet səhifəsindən (www.bakucorner.az, www.facebook.com/bakucorner, www.instagram.com/bakucorner) tanış olmaq olar.
Sizin də “Baku Corner” platforması vasitəsilə satışa çıxarmaq istədiyiniz əl işləriniz varsa, onların fotoşəkillərini və qısa məlumatı “Baku Corner”in elektron poçt ünvanına göndərə bilərsiniz: info@bakucorner.az.
E.Ə.
www.oxu.az