"Bu gün sosial şəbəkələrdəki məlumatlar o qədər də etibarlı deyil".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Real" TV-də yayımlanan "Media masası" verilişində Baku TV-nin direktoru Ramin Cəfərov səsləndirib.
O bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatların əksəriyyəti etibarlı mənbələrə əsaslanmır:
"Sosial şəbəkədə Baku TV kimi etibarlılığı qazanan az platforma var. Bizim abunə sayımız milyonlara yaxınlaşır. Düşünürəm ki, bu, etimada görədir. Kriminal xəbərlər maraq dairəsindədir. Fəaliyyətimiz 8 ilə yaxınlaşır. 4 milyard baxış toplamışıq. Baxan şəxslərin zövqünü oxşamışıq".
Ramin Cəfərov televiziya ilə sosial medianın bir-biri ilə müqayisə edilməsinin doğru yanaşma olmadığını vurğulayıb.
"Televiziya və sosial şəbəkələr müqayisə olunmamalıdır".
O əlavə edib ki, sosial şəbəkələr və ənənəvi televiziya fərqli prinsiplərlə fəaliyyət göstərən iki ayrı platformadır və hər birinin cəmiyyətdə öz funksiyası var.
Baş direktorun sözlərinə görə, texnologiyanın inkişafı ilə gələcəkdə sosial şəbəkələri də yeni platformalar əvəz edəcək və növbəti nəsil həmin sistemlərdən istifadə edəcək.
Ramin Cəfərov qeyd edib ki, Baku TV xəbər kanalı olmaqla yanaşı, tarixin və milli yaddaşın qorunmasına yönələn layihələrə də xüsusi önəm verir.
"Gənclərlə bir layihəmiz var - Rəqəmsal Media Məktəbi. İndiyədək öyrəndiklərimizi gənclərə də aşılayırıq", - direktor bildirib.