Mayın 13-də Bakı şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Oxu.Az xəbər verir ki, ictimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
30 mindən çox iştirakçı ilə Dənizkənarı Milli Park ərazisində yerləşən "Saat qülləsi"nin yaxınlığında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Bakıda keçirilən ictimai proqram WUF13 Festivalının ölkənin müxtəlif şəhərlərində təşkil olunan tədbirlər silsiləsinin yekun mərhələsi olub.
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə mayın 13-də Bakı Dövlət Universitetində WUF13-ə həsr olunmuş maarifləndirmə sessiyası keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə universitetin müəllim heyəti, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin 400-ə yaxın tələbəsi iştirak edib.
Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Əliş Ağamirzəyev universitetin tələbələrinin WUF13 tədbirində könüllü kimi iştirak edəcəyini qeyd etdi. O, ölkə və dünya üçün vacib olan bu tədbirdə bütün tələbələri də aktiv iştirak etməyə dəvət etdi.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Huseynzadə WUF13 barədə ətraflı məlumat verərək universitetin müəllim və tələbələrini Foruma dəvət edərək bildirib ki, tədbirin proqramı artıq açıqlanıb. O qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.
WUF13 Festivalı axşam saat 18:00-da Dənizkənarı Milli Park ərazisində yerləşən "Saat qülləsi"nin yaxınlığında keçiriləcək ictimai proqramla davam edəcək.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Bakı Dövlət Universitetində (BDU) paytaxtda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar məlumatlandırma sessiyası keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sessiyada universitetin tələbə və müəllim heyəti iştirak edib.
Tədbirdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, Azərbaycan son illərdə bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib və Bakıda keçiriləcək WUF13 də belə mühüm tədbirlərdən biridir. Prorektor qeyd edib ki, BDU tələbələri artıq forum çərçivəsində müxtəlif maarifləndirici layihələrə qoşulurlar. O vurğulayıb ki, Azərbaycan zəngin şəhərsalma ənənələrinə malikdir və Bakı bu gün memarlıq baxımından dünyanın diqqətçəkən şəhərlərindən biridir.
Prorektor Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda təşkilinin ölkə üçün mühüm hadisə olduğunu vurğulayıb, WUF13-lə əlaqədar sessiyanın BDU-da keçirilməsindən məmnunluğunu ifadə edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz Həsənov bildirib ki, Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələr və qabaqcıl təcrübələr beynəlxalq platformalarda maraqla qarşılanır. Bakının mayın 17-22-də WUF13-ə ev sahibliyi etməsi bu nailiyyətlərin göstəricisidir. BMT-nin UN-Habitat proqramı tərəfindən təşkil olunan forum şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu platformalarından hesab edilir və builki tədbirdə iştirakçı sayının daha da artacağı gözlənilir.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Ümumdünya Şəhərsalma Forumunun 2001-ci ildə təsis edildiyini və BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiri olduğunu diqqətə çatdırıb. O bildirib ki, forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıtda WUF13 Festivalı təşkil olunub.