Son bir ildə Bərdədə çölpişiyinin sayı kütləvi sürətdə artıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu vəhşi heyvanlar yaşayış məntəqələrinin ərazisinə daxil olaraq sakinlərin təsərrüfatlarına ziyan vurmağa başlayıb.
Ötən gecə Bərdənin Zümürxan kəndində məskunlaşan məcburi köçkünlər heyvanlardan birini diri tutub. Məcburi köçkün Tanrıverdi Qasımov ev quşlarına ziyan vuran çölpişiyinin yuvasını müəyyən edərək yuvanın qarşısına tələ qurub və heyvanı yaxalayıb.
Köçkünlərin sözlərinə görə, son bir ildə vəhşi heyvanlar yüzlərlə ev quşunu tələf edib.
Əraziyə gələn 13 saylı ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları da sakinlərin yaxaladığı heyvanın çölpişiyi olduğunu müəyyən ediblər. Mütəxəssislər çölpişiyinin havaların soyuq keçməsi ilə əlaqədar yem tapa bilmək üçün təsərrüfatlara hücum etdiyini bildirib.
İdarənin əməkdaşları son bir ildə bu heyvanın sayının sürətlə artdığını təsdiqləyib. Yaxalanan çölpişiyi ekoloqlar tərəfindən ərazidəki qoruqda yenidən vəhşi təbiətə buraxılıb.