Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatları ictimaiyyətə açıqlanacaq.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqatı sistemidir.
Təbiətdən istifadəçilər ("Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini aparmalıdırlar.
Qanunvericiliyə uyğun olaraq ətraf mühitin istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidir.
Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti il fevralın 1-dən gec olmayaraq təqdim ediləcək.
Sözügedən məsələ müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.