Sumqayıtda yerləşən "Levent 2" yaşayış kompleksinin sakinləri binalarının aşağı hissəsində mərasim evinin açılmasına etiraz edirlər.
Baku TV-nin məlumatına görə, vətəndaşlar sözügedən obyektin fəaliyyətə başlamasının sakinlərin rahatlığını pozacağını və uşaqların psixologiyasına mənfi təsir göstərəcəyini bildirirlər.
Sakinlərdən biri narahatlığını belə ifadə edib: "Bütün gün ərzində burada ağlaşma səsləri eşidiləcək. Bizim dincəlməyimiz mümkün olmayacaq. Yaxınlıqda stadion və bulvar var, turistlər gəlir. İndi isə bu mənzərənin ortasında mərasim evi açılır".
Məsələ ilə bağlı mövqeyini bildirən obyekt sahibi Namiq Dövlətov isə sakinlərin narahatlıqlarının əsassız olduğunu iddia edir: "Burada heç bir səs-küy və ya ağlaşma olmayacaq, məkan xüsusi izolyasiya olunub. Mən özüm də mərasim zamanı ağlamağa icazə vermirəm. Heç bir narazılıq yaranmayacaq və uşaqların psixologiyasına mənfi təsir göstərməyəcək".