Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 31 ünvanında yaşayan sakinlər ərazidəki sahibsiz itlərlə bağlı narahatlıqlarını dilə gətiriblər.
Bu barədə Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, küçənin müxtəlif hissələrində və binaların girişlərində sahibsiz itlər toplandığından ərazidə rahat hərəkət etməkdə çətinlik çəkirlər.
Onların sözlərinə görə, xüsusilə uşaqların küçədə sərbəst hərəkət etməsi və sakinlərin binaya rahat daxil olması çətinləşib.
"Biz itlərə görə küçədə addım ata bilmirik. Küçənin bütün girişlərində iki-üç sahibsiz it olur. Uşaqların çöldə oynamasına, əlimizdə alış-verişlə binaya rahat daxil olmağımıza mane olur", - deyə sakinlər bildiriblər.
Sakinlər iddia edirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, indiyədək məsələ həllini tapmayıb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.