Məktəb yalnız bilik qazandıran müəssisə deyil, həm də uşaqların intizam, məsuliyyət və davranış qaydalarını mənimsədiyi, fərd kimi yetişdiyi, dünyagörüşünün artdığı məkandır. Bu baxımdan şagirdlərin müəyyən edilmiş geyim və xarici görünüş qaydalarına əməl etməsi təhsil mühitinin vacib elementlərindən biri hesab olunur.
Vahid məktəbli formasının əsas məqsədlərindən biri şagirdlər arasında sosial fərqlərin geyim vasitəsilə ön plana çıxmasının qarşısını almaqdır.
Belə ki, bütün şagirdlərin eyni formada dərsə gəlməsi maddi imkanların nümayiş etdirilməsi ehtimalını azaldır. Diqqətin isə geyimdən daha çox təhsilə yönəlməsinə şərait yaradır. Həmçinin makiyaj, diqqətçəkən aksesuarlar və digər xarici görünüş elementləri də məktəbin daxili nizam-intizam qaydalarına ziddir.
Oxu.Az xəbər verir ki, paytaxt sakinləri mövzu ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər.
"Şagirdlərdən biri bahalı geyinir, digəri ucuz. Belə olanda uşaqlarda paxıllıq yaranır. Buna görə vahid məktəbli forması olmalıdır", - onlardan biri söyləyib.
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, inklüzivlik, dünyəvilik kimi dəyərlər təhsil alanların və təhsil verənlərin geyim formalarında öz əksini tapmalıdır:
"Vahid məktəbli formasına keçid şagirdlərin diqqətini yalnız təhsilə yönəldir. Bu həm də şagird-müəllim münasibətlərinin ahəngdar olmasına kömək edir".