Azərbaycan rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Bərgüşad kənd sakinləri Hüseyn Behbudovun və Oruc Alməmmədovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.
Həmin şəxslər kənd ərazisində aşkarlanıb və yaşadıqları ünvanlara geri qaytarılıblar.
H.Behbudov və O.Alməmmədov barəsində Ucar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Nazirliyin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakinləri V.Məmmədov və Ş.Cavadzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerini tərk etməmələri tapşırılıb.
Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Masallıda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilən G.Həsənov və F.Bayramovun yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslər ictimai yerlərdə aşkarlanıb. Həmin əraziyə təcili tibbi yardım avtomobilləri çağırılmaqla və tibbi prosedurlar gözlənilməklə onlar yaşadıqları ünvana qaytarılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
