Hər il fevralın 9-u dünyada diş həkimləri və stomatoloqların bayramı - Beynəlxalq Stomatoloqlar Günü qeyd edilir.
Oxu.Az xəbər verir ki, həmin günün qeyd olunması ənənəsi ildən-ilə daha geniş yayılır.
Stomatoloqların peşə bayramının müqəddəs Apolloniya Günündə qeyd edilməsinin əsaslı səbəbləri var. Həmin gün katolik kilsəsinin şəhidi Apolloniya xatırlanır. İsaya inam gətirən İskəndəriyyə məmurunun qızı Apolloniyanın xristianlıqdan dönməsi üçün ona dəhşətli işgəncələr verilib. İşgəncələrin xarakterinə görə müqəddəs Apolloniyanın atributları dişlər və ya kəlbətin olub, bütün işgəncələrə davam gətirən qadını tonqalda yandırmaqla hədələyəndə o özü alovun içinə doğru addımlayıb. Həmin hadisə 249-cu il fevralın 9-da baş verib.
Azərbaycanda diş həkimlərinin ilk təşkilatı 1871-ci ildə Bakıda yaradılıb. 1919-cu ildə Bakı Dövlət Universitetində açılan tibb fakültəsində tələbələr diş xəstəliklərini öyrənməyə başlayıblar. 1930-cu ildə yaradılmış Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin verdiyi ixtisaslara stomatologiya ixtisası da daxil edilib. Stomatologiya fakültəsi sərbəst fakültə kimi 1954-cü ildə yaradılıb. 1977-ci ildə uşaq stomatologiyası kafedrası açılıb. 2002-ci ildən Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası fəaliyyət göstərir.
“Global Photo Stock”un əməkdaşının Beynəlxalq Stomatoloqlar Günü ilə bağlı hazırladığı fotoreportajı təqdim edirik:
FOTO: Firudin Səlimov