Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev vəziyyətin heç də acınacaqlı olmadığını bildirib:
Oxu.Az xəbər verir ki, Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəis APA-ya bunları deyir:
“İndidən hər hansı konkret xəstəlik barəsində danışmaq düzgün olmazdı. Bəli, həqiqətən də bəzi mal-heyvanlarda “nodulyar dermatit” xəstəliyinin nişanələri müşahidə olunmaqdadır. Amma bu, heç də həmin heyvanların məhz nodulyar dermatit xəstəliyinə yoluxması demək deyil. Mal-qarada xəstəliyinin dəqiq diaqnozu barədə hər hansı fikir yürütmək isə yalnız laboratoriya müayinələrinin nəticəsindən sonra mümkündür”.
İdarə rəisinin sözlərinə görə, Respublika Baytarlıq Xidmətinin əməkdaşları dünəndən rayona ezam olunublar və indi bütün qüvvələr ayrı-ayrı ərazilərdə heyvanların dezinfeksiya və simptomatik müalicəsi tədbirlərinə yönəlib.
Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında bildirib ki, Cəlilabaddakı Baytarlıq İdarəsinin rəisi də, Bakıdan göndərilən ekspedisiyanın rəhbəri də Alar kəndindədir:
“Mən təxminən 30-35 dəqiqə əvvəl onlarla əlaqə saxladım. Bildirdilər ki, heyvanlar arasında heç bir ölüm faktı qeydə alınmayıb. Biz demirik ki, bu xəstəlik nəticəsində heç bir tələfat ola bilməz. Lakin heyvanlar arasında tələfat olduğu barədə yayılan informasiyalar doğru deyil. Hələlik nə Ucarda, nə Biləsuvarda, nə Ağdaşda, nə də Cəlilabadda ölüm faktı qeydə alınıb”.
Y.Xanvəli onu da əlavə edib ki, Dövlət Baytarlıq Xidməti ölüm faktı qeydə alınarsa, bunu mütləq ictimaiyyətə çatdırar:
“Ölüm faktı olarsa, biz bunu gizlətməyəcəyik, gizlətməkdə heç bir marağımız da yoxdur”.
16:23
Cəlilabad rayonunda heyvanlar arasında yaranmış xəstəlik daha da genişlənib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, xəstəliyin yayılması nəticəsində çoxlu sayda heyvan tələf olub.
Qeyd edək ki, rayon Baytarlıq İdarəsindən xəstəliyin geniş yayıldığı Alar kəndində heyvan itkisinin olmadığı barədə bildirilmişdi. Kənd sakinləri isə bunun tam əksini deyir.
Aparılan müşhidələr zamanı nəzarətsiz örüş sahəsində qorxunc xəstəlikdən tələf olmuş xeyli sayda heyvan cəsədinə rast gəlinib. İndi kənd sakinləri özləri bu xəstəliyə yoluxa biləcəklərindən narahatdırlar.
Mövcud xəstəlik heyvandan heyvana həşaratlar vastəsilə yoluxur. Basdırılmayan cəsədlərin üzərində isə saysız-hesabsız həşaratlar var. Kənd sakinləri ərazilərin dezinfeksiyasının aparılmadığını deyirlər. Xəstə heyvalar üçün dərman preparatlarının verilmədiyini də bildirirlər.
Qeyd edək ki, indiyə kimi 20-dən yuxarı heyvan bu xəstəlikdən tələf olub.