Cəlilabad rayonunda heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, artıq vəziyyət o həddə çatıb ki, xəstəliyin daha da kütləvi hal almasının qarşısını almaq məqsədi ilə rayonda hər bazar günü fəaliyyət göstərən mal bazarı da müvəqqəti olaraq bağlanıb.
Ən acınacaqlı vəziyyət isə Cəlilabadın Alar kəndindədir. Kənd sakinlərinin sözlərinə görə xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqlarında soyulma prosesi gedir. Daha sonra heyvanların bədənlərinin müxtəlif nahiyələrində dairəvi şəkildə şişlər yaranmağa başlayır. Məlumata görə kənddə xəstəliyə tutulmuş xeyli sayda iribuynuzlu heyvanların tələf olduğu və müvafiq qurumlar tərəfindən heyvanların cəsədlərinin yandırıldığı deyilir.
Məsələ ilə bağlı Cəlilabad Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev xəstəliyin mənşəyi ilə bağlı dəqiq məlumatlar bəlli olana kimi açıqlama verə bilməyəcəyini bildirib.