Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun inşası yekunlaşmaq üzrədir.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Məlumata görə, Ceyranbatan gölündən xam su anbarına suyu ötürəcək sugötürücü qurğunun, tunel qazma üsulu ilə tikilən suqəbuledici boruların, hazır su anbarının, nasos stansiyasının, sərfölçən qurğuların tikintisi isə son mərhələdədir.
Bu işlərlə paralel ultrasüzgəc binasında membran süzgəclərin quraşdırılmasına hazırlıq görülür.
Qurğuda 4800 ədəd ən son texnologiyaya əsaslanan membran süzgəc quraşdırılacaq ki, onların da ümumi məhsuldarlığı saniyədə 6 kubmetr və ya sutkada 520 min kubmetr təşkil edəcək.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğuda aparılan işlərlə yanaşı, emal olunacaq suyun istehlakçılara çatdırılması məqsədilə magistral kəmərlərin və anbarların inşası da davam etdirilir.
Hazırda Hökməli qəsəbəsi ərazisində 20 min kubmetr tutumu olan 2 anbardan (“+118 Abşeron”) birinin inşası tam başa çatdırılıb, digərində isə son tamamlama işləri aparılır. Bununla paralel ultrasüzgəcli qurğudan anbarlara qədər 11,2 km uzunluğunda magistral xəttin inşası da yekunlaşıb.
Qeyd edək ki, bu layihənin tərkib hissəsi olan Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral xətti və Qala anbarının inşası 2013-cü ildə, bu anbardan Zirə qəsəbəsinə qədər olan kəmərin inşası isə bu ilin əvvəlində başa çatdırılıb. Magistral kəmər boyu Balaxanı və Zirə anbarlarının tikintisi də son mərhələdədir.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu, magistral kəmər, anbar və infrastrukturun digər obyektləri istismara buraxılandan sonra Abşeron yarımadasında 1 milyon nəfərdən artıq əhali fasiləsiz və keyfiyyətli içməli su ilə təmin ediləcək.
Qeyd edək ki, burada emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək.
Gülnarə Zeynalova
www.oxu.az