Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Coca-Cola" qida zəhərlənməsində kömək edir? - Həkimdən izah
"Bu gün internetdə "Coca-Cola"nın zəhərlənmə zamanı kömək etməsi barədə iddialara rast gəlmək olar. Lakin bu içkinin qida zəhərlənməsinə qarşı effektivliyi ilə bağlı məsələ öyrənilməyib və belə bir "müalicə" simptomları daha da pisləşdirə bilər".
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı qastroenteroloq Yevgeniya Melnikova xəbərdarlıq edib.
Onun sözlərinə görə, əlbəttə, içkidəki ortofosfor turşusunun bakterisid təsiri sayəsində müsbət effekt göstərdiyi düşünülür, amma onun miqdarı o qədər azdır ki, müsbət təsir hiss etmək üçün çoxlu miqdarda "Coca-cola" içmək lazım gələr.
"Qida zəhərlənməsində qarında ağrı, şişkinlik, artıq qaz əmələ gəlməsi və yumşaq nəcis kimi hallar yaranır, içkidəki yüksək qaz miqdarı və turşuluq isə bu əlamətləri pisləşdirə bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.
Həkim tərkibində elektrolitlər (kalium və natrium) az olduğu üçün içkinin orqanizmin maye itkilərini bərpa etməsinə (rehidratasiyaya) kömək etmədiyini vurğulayıb.
"Əksinə, kofein səbəbindən sidikqovucu təsir göstərir. Bundan əlavə, ortofosfor turşusu kalsiumun sorulmasını pisləşdirir ki, bu da sümük toxumasının mineralizasiyasının azalmasına və osteoporoza səbəb olur", - deyə qastroenteroloq əlavə edib.
Həmçinin onun sözlərinə görə, yüksək şəkər miqdarı maddələr mübadiləsinin pozulmasına səbəb olur ki, bu da piylənməyə və mədəaltı vəzinin insulin ifrazına gətirib çıxara bilər.
"Qida zəhərlənməsi zamanı gündə azı 2-3 litr şəffaf maye (su, mors, şirə, kompot) içmək lazımdır. Patogen mikroorqanizmləri çıxarmaq üçün enterosorbentlərdən, mədə-bağırsaq traktının motorikasını normallaşdırmaq üçün prokinetiklərdən istifadə edin", - deyə mütəxəssis məsləhət görüb.