Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
COP29-un gündəliyindəki əsas məsələlərin müzakirəsi məqsədilə məsləhətləşmələr keçirilib
COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə 26-27 iyul tarixlərində Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertləri, Banqladeş və Barbadosun iqlim məsələlərinə məsul nazirləri, habelə ümumilikdə 40-dan artıq olmaqla, beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən, eləcə də iqlim danışıqlarında fəallıq nümayiş etdirən ölkələr iştirak edib.
Tədbirdə dünən açılış nitqi ilə çıxış edən COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Paris Sazişinin bütün sütunları üzrə tərəqqiyə nail olunmasında COP29 Sədrliyinin qətiyyətindən söz açaraq, şəffaf və məqsədyönlü danışıqların əhəmiyyətinə diqqət çəkib, cari iqlim danışıqlarında fikir ayrılığının mövcud olduğu sahələr üzrə tərəfləri konstruktivlik nümayiş etdirməyə çağırıb.
COP29-da iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbulunun Paris Sazişi üçün sınaq testi olacağını vurğulayan Yalçın Rəfiyev danışıqlarda irəliləyişə nail olmaq baxımından COP29 Sədrliyi tərəfindən prosesin siyasi müstəviyə qaldırıldığını, COP29-a qədərki sessiyalararası dövrdə Azərbaycan tərəfinin nazirlər, nümayəndə heyətlərinin rəhbərləri və ekspertlər səviyyəsində dialoqun aparılmasını təşviq etməyə davam edəcəyini, tərəflərlə aparılan dialoqa əlavə töhfə verilməsi məqsədilə "nazirlər cütlüyü"nün (Misir və Danimarka) müəyyən edildiyini diqqətə çatdırıb. Yalçın Rəfiyev NCQG üzrə hazırkı mətnin daha da təkmilləşdirilməsinin vacibliyinə toxunaraq, tərəfləri səylərini artırmağa çağırıb.
Yalçın Rəfiyev Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsinin COP sədrliyimizin ikinci əsas prioriteti olduğunu qeyd edərək, fikir ayrılıqlarının mövcud olduğu məsələlərdə dövlətlər və beynəlxalq danışıqlar qrupları tərəfindən konstruktivlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.
COP28-in yekun sənədinin həyata keçirilməsi, adaptasiya və mitiqasiya məsələləri üzrə açıq qalan məsələlərin yekunlaşdırılmasının əhəmiyyətinə diqqət çəkilib.
Məsələhətləşmələrdə hazırda iqlim gündəliyində əhəmiyyətli yer tutan və Tərəflər və beynəlxalq ictimaiyyətin COP29-dan əsas gözləntiləri olan məsələlər - iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG), Paris Sazişinin 6-cı maddəsi, adaptasiya və mitiqasiya mövzularında plenar və qruplar şəkildə müzakirələr aparılıb.
Tədbirin yekun, bağlanış mərhələsinə COP29-un müəyyən olunmuş prezidenti, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev də qatılıb. O, çıxışında Şamaxı məsləhətləşmələrində iştirak edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədrinə, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertlərinə, habelə Banqladeş və Barbadosun iqlim məsələləri üzrə nazirlərinə və beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən digər ölkələrin nümayəndələrinə COP 29-un hazırlıq sessiyaları arası keçirilən bu cür görüşləri təqdir etmələrinə və COP29 Sədrliyinin təşəbbüs və səylərini dəstəklədiklərinə görə təşəkkürünü bildirib, irəliləyiş üçün tərəflərin həmrəylik və müsbət impuls nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib.
Tədbir zamanı çıxış edən müxtəlif qonaqlar, o cümlədən UNFCCC-nin Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri Harri Vreuls, eləcə də UNFCCC Katibliyinin maliyyə məsələri üzrə baş direktoru Danielle Violette, Banqladeşin Ətraf Mühit, Meşə və İqlim Dəyişikliyi Naziri Çouduri Saber Huseyn, Barbadosun Davamlı İnkişaf, Nəticələr üçün Öhdəlik və Mədəniyyət Naziri Munro Şantal Maksin danışıqlarda irəliləyişin əldə edilməsi baxımından səylərin artırılmasına diqqət çəkib, Tərəflər arasında dialoqun aparılması baxımından Şamaxıda keçirilən qeyri-formal məsələhətləşmələrin faydalı olacağını qeyd ediblər.
İştirakçılar COP29 Sədrliyinin şəffaf və bitərəf vasitəçi kimi rolunu təqdir ediblər.
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
Rəylər