“Qələbəmizin bir ili qarşısında hesabat verərkən, “Böyük Qayıdış”, “Böyük Quruculuq” və “Böyük Azərbaycan” idealını fərəhlə qeyd edirik. Əgər Qayıdış başlanırsa, bir daha o torpaqlardan millətimizi heç bir qüvvə çıxara bilməyəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Memorial.az saytı - “Yaddaş kitabı”nın təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
O bildirib ki, indi qətiyyən şübhə yoxdur ki, düşmən hansısa partiyanı, hakimiyyəti, siyasi şəxsi deyil, məhz dövlətimizin məhvini, millətimizi özünə tabe etməyi hədəf seçmişdi:
“Lakin Azərbaycan xalqı döyüş meydanlarında bir qüvvəni - erməni faşizmini məğlub etdi. Bir il əvvəl hamı nəfəs saxlayıb Ali Baş Komandanın hər qarış Vətən torpağı üçün xoş müjdələrini gözləyirdi. Suqovuşandan Xudafərinə, Ağbənddən Şuşa zirvəsinə qədər hər yerdə torpağa sancılan Azərbaycan bayraqları əcdadlarımızın ayaq izləri ilə gedən oğulların “böyük qayıdış” nişanıdır. Bəli, şəhidlər millətin kimlik pasportu, tanıtım şəklidir! Əgər dövlət və bayraq varsa, şəhidlər də yaşayır, demək. Ali Baş Komandanın və Mehriban xanımın ordumuzla çiyin-çiyinə addımlaması, onların qürur və itkisini qəlbən yaşamaları, analara ürək söykəyən Birinci xanımın sonsuz mərhəmət hissi əsl dövlət, ailə və nəciblik nümunəsidir.
Bəli, ordumuzun içərisində on minlərlə döyüşçü can atdıqları şəhər və kəndlərdə, evlərdə bir dəfə də olmamışdılar, o yerləri görməmişdilər, lakin Vətənə və Torpağa məhəbbət, düşmənə nifrət hissi onları birləşdirdi”.
“On illər boyu, beynəlxalq arenalarda rəqiblərinə qalib gələn, istər tatami üzərində, istərsə də siyasi meydanlarda düşməni məğlub edən, eləcə də Kosovodan, İraqdan Əfqanıstana qədər xilaskarlıq missiyasında iştirak edən oğullar 70 mindən artıq orden və medalı daşıyan güclü və qalib Qafqaz ordusu olduqlarını hamıya sübut etdilər. Gəlin, birlikdə deyək: Şəhidlərimiz vahiddir! Müharibədə siyasi və sosial, etnik və milli fərqlər, yaş və coğrafiya ayrılıqları yox olduğu üçün şəhidlər millətimizin birlik simvoludur. Onları partiyalara, regionlara, sosial statuslarına görə deyil, bir məqsədə - Vətən amalına görə tanımalı və təbliğ etməliyik. Bəli, xalqımızın Vətən müharibəsindəki qəhrəmanlığının dərin tarixi kökləri var. İki dəfə Fəxri legionçu adını almış Əliağa Şıxlinskidən ikiqat Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovadək, düşmən qarşısında məğrur dayanan Şirin Mirzəyevdən yenilməz Polad Həşimovadək, başını dik tutan Əliyar Əliyevdən göylər qartalı Zaur Nudirəliyevə qədər hamısı vahid bir xalqın ümumiləşmiş obrazıdır. 90-cı illərin Qarabağ müharibəsinin simaları, 2016-cı ilin aprel döyüşünün abidəyə çevrilən böyük adları, ən nəhayət, 8 noyabr Zəfərini yaradan və yazan oğullar bir millətə və dövlətə mənsubdur”, - deyə o əlavə edib.
İlhamə Əbülfət