Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat: “İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır” - MÜSAHİBƏ
Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov Oxu.Az-a müsahibə verib:
- İlham müəllim, koronavirus pandemiyası qlobal problemə çevrilib. Hər ölkənin koronavirusa qarşı mübarizədə özünəməxsusluğu olsa da, mübarizə metodologiyasının ümumi prinsipləri demək olar ki, eynidir. Bəs siz Azərbaycanda koronavirusla mübarizəni hansı xüsusiyyətlərinə görə digərlərindən fərqləndirirsiniz?
- Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı məsələyə həssaslıqla yanaşır. Azərbaycanda karantin rejiminin tətbiq olunması ilə əlaqədar adekvat mübarizə tədbirləri üçün dövlətin iqtisadi gücünün bütünlüklə bu istiqamətə yönəlməsi hökumət qarşısında duran prioritetdir.
Prezident koronvirusdan qorunmaq üçün dəfələrlə Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı birlikdə güclü olmağın mesajını verdi, bununla yanaşı bildirdi ki, insanlar da sosial məsuliyyətlərini dərk etməlidirlər.
- Sosial, ictimai və şəxsi məsuliyyət – bunlar koordinasiyalı formada olmalıdır. Lakin sual olunur, nəyə görə, vətəndaşlar bu məsuliyyətin hər üç formasından qaçırlar?
- Birinci növbədə, bu, insan psixologiyası ilə bağlıdır. Qeyd etdiyiniz kimi sosial, ictimai və şəxsi məsuliyyət bir kontekstdə nəzərdən keçirilməlidir. Koronavirus pandemiyası müharibədir, bu müharibədə hamı birlikdə, qaydalara uyğun davranmalıdır. Bir insan şəxsi, sosial və ictimai məsuliyyətini dərk etmədən xəstəliyi yayırsa, bu, bütün cəmiyyətin, dövlətin, xalqın təhlükəsizliyi məsələsini təhdid altına qoyur.
Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa ana nəvazişi ilə ünvanladığı müraciətdə bildirilir ki, Azərbaycan çətin mərhələni geridə qoyub. Amma bununla belə qeyd olunur ki, biz bu işi axıra çatdırmalıyıq.
Ancaq son bir neçə gündür vətəndaşlarda məsuliyyət hissinin olmaması nəticəsində koronavirusa yoluxma halları sağalma hallarını dəfələrlə üstələyib.
Buna görə də vəzifəsindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş dövlət, cəmiyyət qarşısında məsuliyyətini dərk etməlidir. Zərurət olmadığı hallarda insanlar evdən çölə çıxmamalıdır. Bu gün bazarlarda insanlar nə qədər sıxlıq yaradırlar. Yoluxma ilə bağlı bir neçə günün dinamikası onu göstərir ki, biz yenidən səhiyyəmizi yükləyirik.
Vətəndaşlar məsuliyyət hissini itirməklə xəstəliyin ikinci dalğasının gəlməsinə zəmin yaradırlar.
Çox təəssüflər olsun ki, xəstəliyə yoluxma sayının kəskin artması bizə ciddi xəbərdarlıqdır.
Prezident İlham Əliyev bildirib ki, əgər təhlükəli tendensiya davam edərsə, karantin rejimi yenidən sərtləşdirilə bilər.
Xəstəliyin yayılmasını minimuma endirmək, lokallaşdırmaq istəyiriksə, karantin rejiminin tələblərinə əməl etmək həyat tərzinə çevrilməlidir. Maska taxmaq, əllərin tez-tez yuyulması, dezinfeksiyaedici məhlullarla təmizlənməsi, sosial məsafə saxlamaq çox mühümdür.
- Azərbaycanda karantin rejimini pozanlara qarşı daha sərt cəzaların tətbiq olunması təklif edilir. Təkliflər reallaşacağı təqdirdə bunun çıxış yolu olacağını düşünmək nə dərəcədə düzgündür?
- Pandemiya təhlükəsizlik məsələsidir – dövlətin, millətin, genefondumuzun təhlükəsizliyi. Biz deputatlar təklif edirik ki, vətəndaşlar mövcud qaydalara əməl etməsələr, cəzalar daha da sərtləşdirilsin.
Maska taxılmalıdır, əlcək geyinilməlidir. Bəzi insanlar var ki, xəstəliyi asimptomatik keçirirlər, yəni əlamətləri müşahidə olunmur. Lakin yaxınlarına, başqa insanlara təhlükə yaradır. Cəzaların sərtləşdirilməsi insanları inzibati yolla qaydalara əməl etməyə cəzb etmək deməkdir.
- Ölkədə tətbiq olunan xüsusi karantin rejimində bəzi məmurlar özlərinin şəxsi mənafeyini ön plana çəkdilər. Əhalinin həssas qruplarına göndərilən yardımların mənimsənilməsi, bəzi icra başçılarının həbsləri xeyli müzakirələrə səbəb oldu. Niyə hələ də bəzi məmurlar həm məmur, həm də ictimai məsuliyyəti dərk etməkdə çətinlik çəkir?
- Prezident İlham Əliyev Bakıda modul tipli xəstəxananın açılışında dedi ki, həssas dövrdə aztəminatlı ailələrə göndərilən yardımları mənimsəmək xainlik, xəyanətdir. Məsuliyyət hissini itirmiş, milli xəyanət səviyyəsinə yüksəlmiş məmurlar öz layiqli cəzalarını alır. İctimaiyyət bu cür məmurlara qarşı dövlətin atdığı addımları təqdir edir, çox yüksək qiymətləndirir.
Azərbaycanın mentalitetində çox gözəl xüsusiyyət var. İnsan dar günə düşəndə ona kömək edilir, hardasa kasıb ailə varsa, ona əl tutulur. Bu dəstəyi, bu köməyi Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürüb.
Dövlət maddi, maliyyə yardımları edir ki, vətəndaşlar belə çətin zamanlarda həm psixoloji, həm də sosial gərginliklərini aradan qaldırsınlar. Ancaq əhalinin həssas qruplarına verilən kartları vicdansız, harınlamış, xain məmurlar mənimsəyib, öz kabinetlərində şəxsi mənafeyi üçün istifadə edirlər. Hesab edirəm ki, bəzi icra başçılarının həbsi həm cəmiyyətə, həm də vicdanını itirmiş digər məmurlara mesajdır.
Aqşin Kərimov
"Azərbaycanda koronavirus" teqi üzrə xəbərlər
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Bu xəbərləri qaçırmayın: 02.10.2024-ün ən mühüm hadisələri
- Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb - RƏSMİ
- Azərbaycanda COVID-19-un hansı ştamı yayılıb? - Təyyar Eyvazov AÇIQLADI
- Bu xəbərləri qaçırmayın: 22.08.2024-ün ən mühüm hadisələri