Deputat Zahid Oruc Bakıda tıxacların yaranmasının səbəblərindən birinin bölgələrdən paytaxta əhali axını olması ilə əlaqələndirib. O, problemin həlli üçün bölgələrə və kəndlərə qayıdış proqramlarının hazırlanmasını təklif edib. Z.Orucun sözlərinə görə, bölgələrdə kommunal tariflər azaldılmalı, ipoteka imkanları genişləndirilməli, emal müəssisələrinə vergi güzəştləri tətbiq olunmalı, müəllim, həkim və mədəniyyət işçilərinin əməkhaqları artırılmalıdır.
Deputat Fazil Mustafa Oxu.Az-a açıqlamasında həmkarının fikirlərinə münasibət bildirib.

O bildirib ki, bölgələrdə, xüsusilə kəndlərdə əhalinin azalması probleminə diqqət yetirilməlidir:
"Zahid Orucun bu fikirlərini dəstəkləyirəm. Bu, bizim tərəfimizdən də bir neçə dəfə gündəmə gətirilib. Biz Lerikin, Gədəbəyin, Tovuzun və yaxud şimal regionunda kəndlərin boşalmasının şahidi oluruq. Hətta bununla bağlı reportajlar hazırlananda bir sıra yerlərdə hər kənddə bir-iki adamın qaldığını müşahidə edirik.
Bu insanlar o gözəl mənzərəyə, təbii şəraitə və imkanlara qaytarılmalıdırlar. Bunun üçün də onlar təşviq olunmalıdır. Təşviqlə bu məsələnin həllinə nail olmaq mümkündür. Zorla kimisə harasa yönəltmək mümkün deyil.
Heç kim səbəbsiz Bakının toz-torpağında, ekoloji baxımdan o qədər də faydalı olmayan havasında yaşamağı dağ kəndinin havası ilə dəyişməz. Biz bunun yolunu tapmalıyıq. Məncə, elə şərtlər qoymalıyıq ki, iş adamları birinci növbədə oraya üstünlük versinlər. Sahibkar olduqda avtomatik olaraq vətəndaş da iş yeri yarandığına görə geri dönəcək".
Deputat qeyd edib ki, bölgələrə əhalinin qayıdışının təmin olunması həm də Bakıda tıxac probleminin həllinə təsir göstərə bilər:
"Məncə, bu, vacib təklifdir, tıxac probleminin də həlli budur. Çünki nə yolları genişləndirməyə, nə də kompensasiya ödəyib bir sıra yerləri sökərək onların yerinə yol çəkməyə imkan var. Bu məsələlər təcili və ciddi şəkildə həllini tapmalıdır. Çünki gecikirik və sonra daha da çətinləşəcək".