Kubra Məhərrəmova yazır...
Dedilər ki, maska taxın. Sonra ÜST dedi ki, maska taxmaya da bilərsiniz. Polis cərimə elədi, apteklərdə maska tapılmadı, bilmədik, maska taxaq, ya yox? Axır maska zavodu tikdilər.
Dedilər ki, koronavirus ağciyəri parçalayır. Ağciyərləri havalandırmaq üçün 200 aparatı bir gecəyə Azərbaycana gətirdilər. Modul tipli xəstəxanalar da tikilməyə başladı. Ümid edək ki, bunların heç biri lazım olmayacaq.
Dedilər ki, karantin elan olunur. Evdə qalanlar qaldı, qalmayan da damda nərd vurdu. Hələ də bilmədik damdakılar kim idi. Tutan da olmadı. Daha bilmədik, onları koronavirus tutdu, ya yox.
Dedilər ki, SMS-lə icazə alıb çıxın. 11 gün ərzində “8103” nömrəsinə 11 milyon 316 min SMS göndərilib. Belə çıxır ki, hər gün 1 milyondan çox adam evdən çıxıb. SMS yazanlardan söyüş yazan kim, sui-istifadə edən kim, yalandan “dəfnə gedirəm” deyib xaş yeməyə, futbol oynamağa gedən kim. Hamısını tutub 100 manatdan cərimə elədilər.
Tramp da dedi ki, daha ÜST-ə pul verən deyiləm. Dələduzdurlar, ÜST məlumatları vaxtında verməyib və həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb. ÜST büdcəsinə ildə 400-500 milyon dollar pul keçirirəm, oynamaqlarına bax.
Dedilər ki, 15 nəfər ölkəmizdə koronavirusdan vəfat edib. Qalanları dedi ki, boş söhbətdir, hər ay 1000 nəfər adam ölür.
Yılmaz Özdil yazır ki, mənə hər gün ata-analarının koronavirusdən öldüklərini yazan övladlar var. Amma onlara deyirlər ki, adımızı çəkməyin. Bizimkilər deyir ki, koronavirusdan heç kim ölməyib, həkimlər də yalan deyir. Ölənlər xərçəng idi, şəkər idi, ona görə öldü.
Dedilər ki, işsizlərə 190 manat yardım olunur. Birinci gün sayta necə hücum olundusa, sayt çökdü. Sonra da məlum oldu ki, müraciət edənlərin arasında “cipi” olanlar da az deyil. Torpaqmı doydursun gözlərinizi, nə deyək?
Dedilər ki, hökumət indiyə kimi vergi ödəmiş iş adamlarına yardım göstərir. İnanmayanlar üçün pul alanlar SMS-lərin şəklini çəkib paylaşdılar.
Dedilər ki, kim karantin qaydalarını pozsa, cərimə olunacaq. Bir dəstə dedi ki, 100 manat çoxdur. O biri dəstə də dedi ki, Sinqapurda yerə siqaret kötüyü atmağın cəriməsi 610 ABŞ dollarıdır. Buna görə də, şəhər çiçək kimidir.
Onu da deyim ki, Sinqapurda adamın üstündə yarım kiloqram kokain taparlarsa, onu asacaqlar, vəssalam. Karantin günlərində isə Bakıda onlayn narkotik satanlar həbs olundu. Heç kim asılmadı dar ağacından.
Dedilər ki, evdən çıxmağa xüsusi icazə vərəqəsi lazımdır. Bələdiyyə rəisləri başladı “geydirmə” kağız satmağa. Onları da asan olmadı, eləcə həbs etdilər.
Dedilər ki, avtobuslarda sıxlıq olmasın deyə, az sərnişin götürülsün. Sürücülər dedi ki, keçin “qarmoşkaya”, polis sizi görməsin. Belə də ki, hamınızın canı cəhənnəmə, təki cərimə olmasın.
Dedilər ki, Nigeriyada karantin rejiminin tətbiq olunduğu 30 martdan bu günə kimi koronavirusdan 12 nəfər ölüb. Karantin qaydalarını pozan 18 nəfər isə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Məncə, statistika bir az aşağıdır. Koronavirus daha çox öldürməli idi.
Dedilər ki, Türkiyədəki Azərbaycan səfirliyi bu çətin günlərdə soydaşlarımıza ərzaq almaq üçün 200 türk lirəsi dəyərində kupon paylayıb. Kupondan Naz Milaya da çatıb. Bəlkə də ən çox ehtiyacı olan elə odur. Nə bilim, vallah.